|
Politoloq Zərdüşt Əlizadə Moderator.az-a açıqlamasında Demokratik Bölgələr Partiyasının Türkiyənin Şırnak vilayətinin müstəqilliyini elan etməsinə münasibət bildirib:
“Hər hansı bir toplumun, ərazinin müstəqilliyi üçün müəyyən komponentlər olmalıdır. Azərbaycan 1991-ci ilin 18 oktyabrında öz müstəqilliyini elan edəndə SSRİ-də ümumi dağılma prosesi gedirdi. Moskvanın başı digər ölkələrin müstəqilliyinə,eləcə də Rusiya daxilindəki proseslərə qatışmışdı. Azərbaycan diqqətdən kənarda qalmışdı və bundan istifadə edib öz müstəqilliyini elan etdi. Orduya müstəqillik elan edən şəxsləri həbs etmək, zərərsizləşdirmək əmri verilməmişdi. Beynəlxalq aləm ölməkdə olan SSRİ-ni saymırdı. Buna görə də Azərbaycanın müstəqilliyini tanımağa başladılar.
Bu gün hansısa düdük Şırnakın müstəqilliyini elan edib. Məgər türk dövləti ölüb ki, Şırnaq və ya hansısa Türkiyə ərazisi müstəqil olsun? Türkiyə dövləti “mıx” kimi yerindədir. Gücü var, ordusu əmr alır, aldığı əmrləri yerinə yetirir və s. Türk ordusu Şırnakın müstəqilliyini elan edənləri tülkü kimi qaçmağa məcbur edəcək, onları məhv edəcək. Dünya türk dövlətinin bütövlüyünü tanıyır. Türkiyə Cümhuriyyəti güclüdür, ordusu, idarəetmə sistemi güclüdür. Bəzi problemlər var. Lakin bu problemlər ABŞ-da da, Rusiyada da, Avropa dövlətlərində də var”.