|
Bu gün Milli Şura növbəti sessiyasını keçirib.
Sessiyanın gündəliyinə 3 məsələ – ictimai-siyasi vəziyyətin müzakirəsi, qarşıdan gələn parlament seçkiləri və cari məsələlər daxil edilib.
Milli Şuranın sədri Cəmil Həsənli çıxışında qarşıdan gələn parlament seçkilərinə toxunub və hazırda seçkilərin keçirilməsi üçün minimum şəratin olmadığını bildirib:
“Qarşıdan parlament seçkiləri gəlir. Ümumi dəyərləndirmə aparmalıyıq. Hazırkı vəziyyət onu göstərir ki, yaxın zamanda ölkədə sçkilərin keçirilməsini hiss etdirən heç bir hal yoxdur. Bugünkü siyasi məhbusların demək olar ki, hamısı potensial namizəddir. Bilirsiniz ki, Milli Şuranın üzvülərinin də xeylisi həbsdədədir. Ona görə də, biz, seçki qərarı verəndə, bu həssas məqamı dəyərləndirməliyik.
Məsələn, bu gün Milli Şuranın avanqardı olan, siyasi mübarizənin öndə gedən AXCP-nin xeyli üzvü həbsdədir. Eyni zamanda, REAL hərəkatının lideri, NİDA-çı gənclər, islamçılar, Müsavat Partiyasından həbsdə olanlar var. Bu sıralamanı ona görə edirəm ki, seçki qərar verəndə, ciddi dəyərləndirmə aparaq”.
AXCP sədri Əli Kərimli də parlament seçkilərində iştriak üçün mümkün şəraitin olmadığını deyib:
“Biz bu ölkənin xilasını azad və ədalətli seçkilərdə görürük. Bu gün hətta yarımdemokratik seçki keçirilsə, hazırda parlamentdə oturan, təyin olunmuş adamların hansı yenidən orada otura bilər?
Biz seçki islahatı, siyasi məhbusların azad olunmasını tələb edirik. Kimə lazımdır belə şəraitdə seçkilərə getmək?
Azərbyacan ciddi böhran dövrünə qədəm qoyub. Hər gün bu böhran dərinləşəcək, Azərbaycan beynəlxalq dayaqlarını itirəcək. Belə vəziyyətdə qeyri-legitim parlament ciddi təhlükə mənbəyinə çevriləcək”.