|
Teleqraf.az-ın xəbərinə görə, Milli Şuranın sədri, professor Cəmil Həsənli özünün "facebook" səhifəsində Ümid Partiyasının sədri İqbal Ağazadəyə xitabən aşağıdakı yazını paylaşıb:
"Dəyərli dostlar! Bu gün Meydan.tv-də Natiq Cavadlının İqbal Ağazadədən aldığı müsahibə ilə tanış oldum. Müsahibədə söhbət əsasən, siyasi məhbus məsələsindən getdiyindən (müsahibədə hər zaman dəyərlərdən danışan 125-çi xanımın Natiq bəyin 3 il əvvəl məndən aldığı müsahibə fonunda cəmiyyəti azdırmaq cəhdləri barədə ötən statusumda yazmışam) bəzi məsələlərə aydınlıq gətirməyi lazım bildim. Birincisi, müsahibədə qırmızı xətlə keçən “müstəqillik təhlükədədir” tezisi haqqında:
Bəri başdan deyim ki, Cümhuriyyəti yenidən itirmək təhlükəsi ilə cəmiyyəti qorxutmaq, “müstəqillik təhlükədədir” dumanında vətənpərvərlik nümayiş etdirmək seçki ərəfəsində hakimiyyətin işinə yaramağın bir vasitəsidir. Sən demə, adam siyasi məhbusları cinayətkar adlandıran parlament sənədinə ona görə imza atıb ki, müstəqillik üçün təhlükə varmış. SSRİ dağılandan sonra 24 il ərzində onun yerində bərqərar olmuş hansı cümhuriyyət öz müstəqilliyini itirib? Axı, indi müstəqilliyi itirmək yalnız daxili məsələ deyil, həm də beynəlxalq məsələdir. Xatırlayırsınızsa, hakimiyyət də tez-tez bu təhlükə ilə xalqı təhdid edir. Əminliklə deyirəm ki, keçmiş Sovet İttifaqının yerində yaranmış dövlətlər istəsələr də müstəqilliklərini itirə bilməzlər. Çünki indi bu, yalnız onlardan asılı məsələ deyildir. 1920-ci ildə bu niyə baş verdi?
Çünki 1917-ci il inqilabı Antanta üzvü olan Rusiyanı dağıtmışdı və müharibədən sonra bolşeviklərə müvəqqəti, keçici bir hal kimi baxan Qərb müttəfiqləri, Rusiya imperiyasının dağılmasına, onun yerində 1918-ci ildə yeni dövlətlərin yaranmasına hazır deyildi. Yəni 1917-ci ildə Rusiya qalib Antantanın üzvü, 1991-ci ildə Sovet İttifaqı isə Qərbin potensial düşməni kimi dağılırdı. Bu fərqi anlamaq, elə də çətin deyildir. Əslində, Belçikada qəbul olunmuş hansısa bir qətnamənin Azərbaycanın müstəqilliyini təhdid etməsi bəhanəsi ilə siyasi məhbusları cinayətkar adlandıran sənədə imza atmaq, özəl maraqları vətənpərvərlik dalğasında gizlətməyin vətən sevgisinə köklənmiş “uğurlu” bir cəhdidir. Bunun ayrı adı yoxdur. Axı, İqbal Ağazadənin planı üzrə 125-lər klubu humanist bir missiya ilə, siyasi məhbus İntiqam bəyi müdafiə adı altında vücuda gəlmişdi. Necə oldu ki, qısa müddət ərzində siyasi məhbusların əzabları müstəqillik ideallarının "qorunmasına" qurban verildi?
Ona görə də, əslində, Ümid liderinin “Azərbaycan dövlətinin gələcək taleyi və siyasi mövqeyi baxımından özümün və siyasi məhbusların hüquqları üzərindən çox rahatca keçməyə hazıram” fikri gələcək mandata ümid bəsləməyin kiçicik bir təzahürü, "dövlətçilik" dalğasında hakimiyyətə xidmətin açıq bir anonsudur. Sən demə, 200 ildir nəşr olunan ingilis qəzeti "The Guardian" insan haqları, demokratiya, korrupsiya məsələlərində Rusiyanın planı üzrə Azərbaycanı tənqid edirmiş ki, Azərbaycan hakimiyyətini Rusiyanın yanına itələsin. O səbəbə görə ki, səhmadarlarından biri rus imiş. Sən demə, Avropa liderləri hamısı Putinin dediyi ilə oturub-dururmuş. Hətta ictimai fikri azdırmaq üçün mayın 19-da baş vermiş yanğın hadisəsində də Ümid rəhbərinin şübhələri Rusiyanın üzərinə gedir, habelə daha əvvəlki açıqlamalarında 15 nəfərin ölümünə səbəb olan yanğın hadisəsini belə Rusiyanın təxribatı ola biləcəyini bildirir.
Bu özü də uzaq gedən bir gedişdir və yanğına, onun nəticəsində həyatlarını itirmiş insanlara görə bilavasitə məsuliyyət daşıyan ölkə rəsmilərini, yüksək vəzifə sahihbələrini məsuliyyətdən yayındırmaq cəhdidir. Halbuki, bu təxribatın fitili əlaqədar orqanların gözü qarşısında, onların rəsmi icazələri ilə “penoplast” üzlüklər ölkə içində istehsal olununda, bütün rəsmi maneələri keçərək binalara çəkiləndə qoyulmuşdu. Burada Rusiyalıq nə iş var? İnsafən, “üfüqdə təhlükəni” duymaq və ona uyğun manevr etmək baxımından İqbal bəyin fantaziyası hüdudsuzdur. Onun seçkiyə hədəflənmiş son addımlarından bu aydın hiss edilir. Baxın, siyasi məhbuslara cinayətkar damğası vurmaq, 19 may faciəsi qurbanlarının günahkarlarını ölkə xaricində axtarmaq, 2013-cü il seçkilərində xalqın “passivliyi”nin məsuliyyətini Cəmil Həsənlinin üzərinə qoymaq. May ayının 6-dakı müsahibəsində o, deyir:
“Cəmil Həsənli bütün seçki prosesi boyu var gücü ilə çalışdı ki, xalq seçki prosesində iştirak etməsin... Cəmil Həsənli deyirdi ki, bu hökumət 48 milyard pul oğurlayıb... Bizdə xalq hər zaman düşünür ki, kimin pulu varsa, o qalibdir. İnsanlar düşünür ki, bu qədər oğurlayıbsa, mən buna nə edə biləcəm? Cəmil Həsənli ardınca dedi ki, bu hakimiyyət gənclərin, dindarların cibinə narkotik atıb onları tutur, şərləyir, balalarımıza işgəncə verir. Xalq da düşündü ki, mənim balamı da zindana atacaq, prosesin dalınca getməyim. Sonra bildirdi ki, hakimiyyət xaricdə nüfuzlu şəxsləri “alır”, kürü diplomatiyası ilə Avropa təsisatlarını zəbt edir. Xalq düşündü ki, iqtidar hamını ala bilirsə, demək, bu dəfə də alacaq... Bu halda, bu təqdimatlardan sonra seçici nəyə baxıb prosesə qatılmalıdır?”
Sən demə, Cəmil Həsənli deməliymiş ki, bu hökumət o qədər yoxsuldur ki, fitrə hesabına yaşayır, bu hökumət o qədər humanistdir ki, gəncləri narkotika ilə yox, döş ciblərinə gül taxıb gülə-gülə həbs edir və cəzaçəkmə yerlərində vətən övladlarının başlarını sığallayır, bu hakimiyyət o qədər əməli-salehdir ki, dindarlarımızı heroinlə yox, hərəsinin cibinə Əshabi-Kəhf ziyarətgahının müqəddəs torpağından yoğrulmuş möhür qoyub tutur ki, həbs yerlərində rahat ibadət edə bilsinlər. Uzaq görən siyasətmədardır İqbal bəy! Çünki indi hakimiyyətin xoşuna gəlməyin ən etibarlı yolu siyasi məhbusları cinayətkar adlandırmaqdan, Azərbaycan hakimiyyətinin alova bürünüb Rusiyaya hədəflənmiş sevgisinin mənbəyini "The Guardian" da görməkdən, ötən seçkilərdə xalqın "passivliyi"nin səbəblərini Cəmil Həsənlinin hakimiyyətin mahiyyətini ortaya qoyan çıxışlarında axtarmaqdan keçir. Nə demək olar, Allah bazar versin"!