|
Klassik Xalq Cəbhəsi Partiyasının(KXCP) Gənclər Təşkilatı Hadi Rəcəblinin müəllimlərin maaşı və işi ilə bağlı dediyi uyğunsuz ifadələrə qarşı bəyanat verib.
KXCP GT-dan Teleqraf.az-a daxl olan bəyanatda deyilir:
Artıq neçənci dəfədir ki, qeyri ciddi sözlərlə gündəmə gələn deputat Hadi Rəcəbli bir az da dərinə gedərək müəllimləri təhqir etdi. Deputat deyir ki, müəllimlərin maaşı onların dolanışığına bəs etmirsə gedib başqa işlə də, məşğul olsunlar. Hansı ki həmin deputat bir neçə ay öncə çox böyük həyacanla deyirdi ki, 2000 manat pul deputatlara bəs etmir, onların maaşını qaldırmaq lazımdır. O zaman biz də deyirik ki, Hadi müəllim, o maaş sizə bəs etmirsə gedin başqa işlə də, məşğul olun. Doğrudur, bu təklif Hadi Rəcəbli üçün heç də təhlükəli deyil, hər halda onun da digər deputatlar kimi kifayət qədər qazanc mənbəyi var. Amma 150-200 manat maaş alan müəllimlərdə bu yoxdur. Odur ki, müəllimlərə bu cür təklifin təhqirdən başqa adı yoxdur.
Hadi Rəcəbli yaşlı adamdır, ola bilsin ona dərs deyən müəllimlər dünyasını dəyişib. Amma gərək o digərlərinə, ən azından övladlarına dərs deyən müəllimlərə hörmət edib bu cür danışmayaydı. Hər kəsə ANA, VƏTƏN kəlimərini yazmağı əlindən tutaraq müəllim öyrədir. Böyüyüb deputat təyin olunandadn sonra bu cür sözlər söyləmək istər istəməz adama “Ustadına kəm baxanın gözlərindən qan damar” məsəlini xatırladır.
KXCP Gənclər Təşkilatı olaraq biz Hadi Rəcəblidən sözlərinə görə müəllimlərdən üzr istəməyi, ən azından yanlış ifadələrinə ictimaiyyət qarşısında düzəliş etməyi tələb edirik.
Sonda isə KXCP sədrinin gənclər məsələləri üzrə müşaviri Sərxan Carçı bunları deyib: Gənclər bir müddət öncə Hadi müəllimin digər bir ifadələrinə qarşı kompaniyaya başlamışdı. Görünən odur ki, buna yenə ehtiyac var.