|
Rüfət Muradlı
Təqvim tarixində daha bir 30 apreli arxada qoyuruq. 2009-cu ilə qədər Azərbaycan insanı üçün sıradan bir gün olsa da, artıq 7 ildir ki, yaddaşlarımıza acı, dəhşət və nifrətlə yanaşı hakim kəsilmış bir gün. Bir əsrlik faciələrimizi unudarkən, ya unutmaq istəyərkən yenidən tarixin amansızlığı ilə üzləşdiyimiz gün. Azərbaycanın müasir tarixinə ADNA terroru kimi düşərək 12 günahsızın həyatına son qoyan və insanlıq adına utanc gətirən bu hadisə hələ ki ötən yüz ildə üzləşdiyimiz sonuncu terror hadisəsi kimi də xatırlanır. Əslində isə 1918-ci ilin Mart qırğınından başladı bu terrorun tarixçəsi. Bakı küçələrində, Qubada, Salyanda, Şirvanda, Qarabağda, vətənimizin güneyində minlərlə gunahsiz insanın soyqırıma məruz qalması ilə başlandı bu terror. Demokratik Cumhuriyyətimizin süqutu, Azərbaycanın işğalı və “Qırmızı terror”la davam etdi bu qətliamlar. 30-cu illərdə 70 mindən artıq aydınımızı məhv etməklə bizə qarşı daha da azğınlaşdı bu qatillər. Dərbəndi,Göyçəni, Zəngəzuru, Borçalını qoparmaqla yetməyib yüz minlərlə soydaşımızı deportasiya etməklə davam etdi bu terrorlar. Bu gün erməninin sözdə soyqırım iddialarına qahmar çıxan bu insanlıq suçu caniləri 1946-cı ildə Təbriz al qana boyananda Azərbaycana olan nifrətlərini bir daha ortaya qoydular. 20-ci əsrdə insanlığın üz qarası olan Xocalı faciəsi isə bu nifrətin ən aşkar nümunəsi idi. Qarabağın işğalından sonra ölkəmizdə törətdikləri terror aktları isə bu qatillərin Azərbaycan-Türk insanına qarşı nifrətə dayanan “ənənələrinin” səngimədiyinin bariz göstəricisi idi. Təkcə 1994-cü ildə Azərbaycan ərazisində, o cümlədən Bakı Metropolitenində törədilən terror aktları nəticəsində 70-dən artıq insan həlak oldu, yüzlərlə soydaşımız ağır xəsarətlərə məruz qaldı. Və nəhayət 2009-cu ilin 30 aprelində Dövlət Neft Akademiyasında bir əsr davam edən “məşum ənənənin”daha bir qanlı səhifəsi açıldı. Professordan tələbəyədək 12 məsum insanın bir anda həyatına son qoyan dəhşətli terror..Ötən 6 ildə bu qanlı olay haqda nə qədər yazıb, nə qədər danışıb və lənətləsək də, müxtəlif məhkəmə şoularını izləsək də nə yazıq ki, bu cinayətin həqiqi təşkilatçılarının üzə çıxarılması üçün siyasi iradənin şahidi olmamışıq. Bəs davam etməyəcəyini kimsənin sığortalamadığı , bir əsr boyu üzləşdiyimiz qətliamlar qarşısında susqun qalmağa haqqımız varmı?! Tarix və zaman öz hökmünü verəcək əlbət. İndi isə.. Heç olmasa unutmayaq!..