Nazlı Ağayeva

Açıqlamaq istəmədiyim səbəblərdən bu yazı elə arxivimdə qalacaqdı. Təsadüfən uşaqlıq idealım olan bir müəllimimin “Qəbələnin bu günü, dünəni və sabahı” adlı kitabına istinadən bu mövzuya “aid” bir yazı oxumasaydım. Yəni, bir faciənin üstündən sükutla keçilərək: “Onun xidmətləri lazımınca qiymətləndirilmişdir” kimi rahat cümləyə rast gəlməsəydim. Və yaxşı bilirəm ki, aşağıdakı sərt həyat hekayəsindən sonra ən azından susa bilmədiyimə görə çoxları məndən üz döndərəcək.

İctimaiyyətə və gənc nəslə hamar, nikbin bir tarixçə ilə təqdim olunmuş Bəyalı Xitilovun yaxınları məni bağışlamayacaqlar. 
Bizə daim dürüstlük, cəsarət aşılayan müəllimim isə qiymətimi yenə kəsəcək... Çünki, hələ də qüvvədə olan yaxın keçmişin acı həqiqətlərindənsə “göydən üç alma düşdü” sonluğuyla bitən Azərbaycan nağılı qorxusuz və şirindir.

Bəs onda mən dünyasını çoxdan dəyişmiş adamlardan niyə yazmışdım? Bəlkə istər şəxsi, istər ictimai mənada heç bir mifin həyat peşkeş ediləcək qədər önəmli olmadığını özüm də son vaxtlar anlamışam? Bəlkə də sadə, danılmaz xatirələrlə dolu keçmişdən heç cür qopub ayrıla bilmirəm...

Bütün hallarda görüb-bildiyim həqiqətlərə köklənən bu hekayəti kəndçimiz rəhmətlik Paşa dayının simasında bütün sadəlövh adamlara həsr eləyirəm. Rəhmətlik Bəyalı Xitilovun övladları, nəvələri facebookda onun adına layiq gözəl bir səhifə açıblar. Kim bilir, bəlkə bir gün bizim hekayəmizi də hörmətlə izlədiyim həmin o səhifəyə qoyacaqlar.

Paşa dayının nağılı

Bizim kənddə bir zamanlar bir Paşa dayı vardı. İndiki mənim yaşımdan xeyli cavan. Sovetin sovet vaxtı Miçurin adına kolxozun kəndimizdə yerləşən üç min başlıq cins mal fermasının çobanıydı...

Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyinin şıdırğı dövründə qurultayların gözü, beşilliklərin ulduzu qabaqcıl Miçurun kolxozu qəfil qara siyahıya düşdü. Respublikanın tanınmış orden-medallı ötkəm kolxoz sədri Bəyalı Xitilov həbs olundu. 
Yuxarıdan təlimatlandırılmış xüsusi komissiya o boyda kolxozda eşib-eşələmədiyi yer qoymadıqca tutulanların sayı artdı. O vaxtkı Qutqaşının axar-baxarlı Vəndam kəndi və biri bizim olmaqla daha dörd xırda-para kənd neçə aylar vahimə içində yaşadı. İstintaqda kimin ağzından kimin adı çıxsaydı dərhal gəlib aparırdılar. Çox illər əvvəldən atam meşəbəyi işləyirdi deyə kənddə kolxozla əlaqəsi olmayan yeganə ailə biz idik. Yəni, azca tütündən-zaddan əkirdik ki, o da “maxinasiyaya” düşməmişdi.

Əsas və nəhəng obyekt bizim kənddə olduğundan ən ciddi və qorxulu yoxlamalara da bizimkilər cəlb olunurdu. Heç demə fermanın “qabaqcıl” olması naminə bu adamların adlarına tonlarla süd, ət yazılıb, qabağından da qol çəkilibmiş. Ömründə müstəntiq görməyən türkəsaya, zəhmətkeş adamlar tam xəbərsiz olduqları həmin imzalardan imtina etdilər. Başqa çarələri də yox idi. Yoxsa Xitilovun dəmir zəhmindən və hüdudsuz şöhrətindən keçə bilməzdilər.

Görünür, sədrin komandası bu imzaların altındakı minlərlə manatları (indiki kursla milyonlarla) məhz toxunulmazlıqlarına əminliklə lazımi yerlərlə bölüşdürmüşdü. Amma həmin komandanı yetişdirib bu məqama çatdıran etibarsız yuxarılar istənilən anda öz donorlarını qurban verirdilər. Hərçənd adı-sanı bütün ölkəyə yayılmış əfsanəvi sədrin ailəsinin dolanışığı başqalarına nisbətdə elə də aşıb daşmırdı. Sadəcə hesabda qonaq-qara qarşılamaq, yuxarı-aşağı əhatə dairəsini yola vermək vardı.

Üstəlik, övladları bir-bir paytaxtda ali təhsil alırdılar ki, bunun adına da o zamanlar “uşaq oxutdurmaq” deyərdilər. Amma elə ya belə nə olur-olsun, artıq hədəf inzibati rəhbərlik idi. Yuxarıları əli qabarlı kəndlilər nə insan kimi, nə də cinayətkar kimi maraqlandırırdı. Kolxozçuları müasir ifadə ilə desək, “mırta” get-gələ salıb dindirir, qorxudur, onlardan söz alırdılar.

Əhvalatın bu yerində bizim Paşa dayı meydana çıxıb dedi ki, istintaq sənədlərindəki “imzalarımın” arxasındayam. Müstəntiq bəlkə o vaxta qədər belə qəribə hala rast gəlməmişdi. Rəhmətlik Paşa dayının yaxınları da məsələdən şoka düşdülər. Xitilovun kölgəsində “böyüyənlər”, əlinin altında “kişi” olanlar, ondan istifadə edib mal-mülk qazananlar ilk fürsətdə onun üzünə durduqları halda bu türkəsaya adam niyə patriotluq eləsin axı?

Bir kənd oldu, bir yetimliklə böyüyüb artıq özü də bir çətən külfət yiyəsi olmuş Paşa dayı oldu, onu yolundan döndərə bilmədilər. Beləcə, ömründə bircə dəfə həmsöhbət olmadığı, şəxsi diqqətini, qayğısını görmədiyi və bəlkə onun varlığını belə fərq etməyən bir adamdan ötrü özünü məchul taleyə təslim etdi.

O vaxtkı Qutqaşında Xitilov təzadlarla dolu böyük bir mif idi, bunu danmaq olmaz. Ölkənin ən istedadlı və məşhur sənət adamlarının, yüksək vəzifəli şəxslərin onunla çox isti münasibətləri vardı. İndiki icra başçısı statusunda olan raykom katibləri onun nüfuzundan açıq-aşkar çəkinirdilər. Bir sözlə, adam öz dairəsində hakimi-mütləq idi.

Amma çörəyini alın təriylə qazanan sadə bir kolxozçunun inadının bütün bunlara nə dəxli vardı? Heç olmasa məhkəmə zalında onunla eyni taleyi bölüşmək istəyirdimi? Və yaxud Xitilovun möhtəşəm qayıdışına inanırdımı və o zaman üçün xəyallar qurmuşdumu? Nə sirri-xudadırsa bilən olmadı... İstantaq qrupu adını yazmaqdan o yana bilik almamış sadə, kasıb adamı dolaşdırmağa çalışdı. Qorxutdular, tovlatdılar. Paşa dayı türməni gözünün altına aldı, yenə sözünü çevirmədi.

Ölkədə əks-səda yaradan məşhur “cinayət işi”nin tədqiqatı yuxarının eyni ssenarisi əsasında asanlıqla yekunlaşdı. “Mütəşəkkil cinayətkar dəstə”də Paşa dayıdan başqa sıravi adam olmadı. Məhkəmədə ondan soruşdular:

– Siz adınıza yazılan bir ton südü neylədiniz?

Paşa dayı çəkinmədən cavab verdi:

– Aparıb həyətimdəki Bozdar itin qabağına tökdüm, sözünüz nədir?

Sözləri o oldu ki, o müttəhim bu cavabı verdiyi son prosesdən sonra birbaşa həbsə göndərildi.

Bir neçə illik məhbusluqdan sonra Paşa dayı “volna”ya çıxdı və həmin ərəfədə dünyasını dəyişdi. Bəyalı Xitilov da təxminən o vaxtlar həbsxanada vəfat etdi.

Bizim kənddə Paşa dayıdan sağlam, ondan boylu-buxunlu adam yoxuydu...

Meydan.tv

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti