|
Səxavət Tağlar
Bədnam qonşularımızla dost olan vaxtlar idi. 70-ci illər. Beynəlmiləlçilik şüarlarının səsləndiyi, sülh, dostluq mahnılarının oxunduğu bir zamanlar. Nə sərhəd var idi, nə kin-küdrət. Əslində xəyanət, kin-küdrət olanda da onlar tərəfindən olurdu. Bunu bizə içimizdə çəkməyə, unutdurmağa, yaddan çıxarmağa çalışırdılar. Di gəl nə qədər çalışsalar da millətçilik zəminində xısın-pısınlar, xüliqanlıqlar, cinayətlər gizlin də olsa gedirdi...
O vaxtlar ermənilər Azərbaycanın şəhər və kəndlərinə çörəkpulu qazanmaq üçün işləməyə gəlirdilər. Əllərindən də hansı peşələr gəlmirdi: dəmirçilik, kömürçülük, bənnalıq, dülgərlik, dərzilik... nə bilim, nələr, nələr...
Şabangilin kəndində də bir neçə erməni bənna varıydı. Bu ermənilər evin bünövrəsindən tutmuş, üstünün vurulmasına kimi hər bir işi görürdülər. Yurik və Jora çox cəld və çevik işləyirdilər. Onlara iş gördürmək üçün gərək əvvəlcədən növbə tutasan, behliyəsən...
Şaban çox götür-qoy edirdi. Növbəni elə tutsun ki, yaz fəslinə düşsün. Qış boyu tikdirəcəyi evin formasını planlaşdırıb, onun eskizini cızırdı. Tez-tez də Yurik və Joranın qonşuluqda işlədiyi evə gedib, onları sorğu-suala tuturdu:
— Bu sənəti kimdən öyrənmisiniz?
— Ermənistanın harasında yaşayırsınız?
— Kəndin o biri başında ustalıq eyləyən erməniləri tanıyırsınızmı?
Hər dəfə də maraqlı cavablar alırdı.
— Ara, Şabancan. San narahat olma. Biz sana çox kaşank bir dom tıkarık. San arağına, çaxırına bol ela, ha...
Qış axşamları Şaban anası Məryəm xala ilə tikdirəcəkləri evin qayğılarından danışıb, əlində olan pulları və kolxozdan alacaqlarını haqq-hesab edirdi: “Əşi, ev tikdirmək üçün çatar, çatmasa da qapıda malım-heyvanım var” deyə, öz-özünə təsəlli verərdi. Belə düşüncəli anlarında bir gün Məryəm ana oğluna dedi:
— A bala, allah qoysa tikdirərsən ee..... Çox da düşünmə, beynini yorma. Atalar yaxşı deyib ki, “ Ev tikdirən soğan çörək yeyər ”. O damdakı balon-balon araqlar nədir belə almısan...
Anasının araq almaqla bağlı narahatçılığını hiss edən Şaban ona söylədi:
— Bu kənddə ermənilər neçə ev tikibsə onların şəraba olan təlabatı yüzə-yüz ödənilib. Soruşub öyrənə də bilərsən. Bizim başımızda görünməyib ki... Yal obasında qohumun Əliqulu kişi onlara araq verməyib deyə, işini yarımçıq saxlayıblar.
...Qışın şaxtalı-boranlı günləri yavaş-yavaş arxada qalırdı. Ötən hər bir qış gecəsi, onun açılan hər bir səhəri saat rəqəmləri kimi yaz fəsilinə doğru irəliləyirdi. Sübh tezdən başı qarlı Şirvan dağları çox yaxında ğörünürdü. Sanki Aran kəndləri onun ətəyindəydi. Bunu seyr etdikcə ətri duyulan yazın ilıq nəfəsi qəlbləri oxşayırdı. Mart ayının sonuna doğru getdikcə isə təbiətin oyanışı, meyvə ağaclarının tumurcuqları, novruzgüllərinin əsrarəngiz çiçəkləri insanlara xoş ovqat bəxş edirdi. Bir kənddə isə erməni ustaları Yurik və Jora istisindən, soyuğundan asılı olmayaraq ustalıq edirdilər—ev tikirdilər. Kefli baş onlara nə yayın istisini, nə də qışın soyuqunu hiss etməyə imkan vermirdi. Erməni olanda nə olar, insafən də yaxşı işləyirdilər, işlərinə söz ola bilməzdi.
...Gün gəlib yetdi ki, ev tikdirmək növbəsi Şabana çatdı. Onun etdiyi tədarük ustaların xoşuna gəlmişdi. İşə başlanan gün Məryəm ananın hazırladığı dadlı-ləzətli yeməklərlə nə qədər badələr qaldırıldı. Nə qədər ürək sözləri dinlənildi. Deyəsən Şaban erməni psixologiyasını bilirmiş. Onları ovsunlamaq, əldə saxlamaq ilk gündən ona çətin gəlmədi...
...Yuriklə Jora ildırım sürəti ilə işə başladılar. Bir ay müddətində evin hörgü işləri başa çatdı. Dam örtüyünü vurmağa başladılar. Onlar hər dəfə süfrə arxasında oturanda əllərində badə ikən Şabana minnət qoyaraq dedilər:
— Şaban kardaş, biz heç bir yanda sızdakı kimi işlamamışıq. Sak olun. Yaxşı adamsınız...
Əslində isə onlar bu işi qurtarıb növbəti müştərinin işini başlamaq üçün canfəşanlıq edirdilər. Şabanın halal süfrəsi, erməni ustalarına verdiyi bol-bol yemək-içmək onlara ləzzət verirdi. Yazıq Məryəm ana isə çox əziyyət çəkirdi. Ustaların qab-qacağını, stəkan-nəlbəkisini ayrı yuyar, ayrı saxlardı. Elə hey də öz-özünə düşünürdü: “ Bir bu ev tikilib başa gəlsəydi yazıq uşaq da, özüm də rahatlıq tapardım ”. Əkin-biçin, mal-qara işlərinə də Məryəm ana özü baxırdı. Ailənin əsas gəliri də şəxsi təsərrüfatdan idi.
Gün yetdi ki, evdə son tamamlama işləri görüldü. Uzun illər ailənin gözlədiyi sevincli gün yaşanmaqdaydı. Ona görə də qohum-əqrəba hamısı bu sevincə şərik çıxmağa gəlmişdilər. Hamı da paylı-puşlu. Qurban kəsildi, ev-ev paylandı. Yalnız bu gün şərab içmək, kefli başla işləmək erməni ustalarına qadağan olunmuşdu...
Məryəm ananın başı qonaqlara, onların şirin söhbətlərinə qarışmışdı. İllərlə gözlədiyi sevincli anları, sevincli günləri əzizləri ilə yaşamaqdaydı. Bir də gördü ki, bağda saxladığı dana hörükdən açılaraq əkin-biçinini zir-zəbər edir. Odur ki, yüyürək özünü danaya çatdırdı və onun kəndirindən tutub “ Erməni oğlunun danası ” deyə, çəkməyə başladı.
İşlədiyi üç ay müddətində yalnız bu gün şərab içməyən, kefli başla işləməyən və bundan da bir az məyus olan erməni ustaları Məryəm ananın “Erməni oğlunun danası” sözündən pərt olsalar da özlərini o yerə qoymadılar, gülüşdülər. Tez Yurik evin eyvanından düşüb Məryəm ananın yedəyindəki dananın kəndirini ondan aldı və “bu da bizim danamız” — deyə, dartmağa başladı.
TELEQRAF.AZ