Rüfət Muradlı

"Qərblə razılaşma və sonuclar" Ötən ay dünya qonşu İranın qərblə razılaşmasına şahid oldu və bu olaya qlobal səviyyədə münasibəti regionda sülhün təmini baxımından pozitiv hesab etmək olar. Əlbəttə son iki il ərzində rəsmi Tehranın apardığı ardıcıl müzakirələrin və əldə olunan sonucların ölkə səviyyəsindəki siyasi cinahların tam dəstəyini qazanması mümkün olarsa.. Təsadüfi deyil ki, "Altılar" qrupu ilə müzakirələr yenicə start götürdüyü və ilkin razılıqlar əldə olunduğu zaman rejimin əsas ideoloqlarından sayılan "Keyhan" nəşriyyat müəssisəsinin sahibi Hüseyn Şəriətmədari əldə olunan razılaşmanı " Yəhərli atı verdik, qırıq yüyəni aldıq!" ibarəsi ilə yozaraq, qərblə yaxınlaşmanın əleyhdarı olduğunu aşkarcasına ifadə etmişdi. Ötən iyulda qərblə əldə olunan anlaşmalardan sevinən iranlılara qəzəblənən Seyid Əli Xameneyinin "Nüvə razılaşması ilə xarici siyasətimizi müzakirə obyekti etməyəcəyik" bəyanatı da uzaq tarix deyil. Ölkə vətəndaşlarının təkcə sanksiyaların aradan qaldırılmasına deyil, həm də hakimiyyətin savaşa getməməsini bayram etdiyi bu son olaydan dərhal sonra İslam İnqilabının rəhbərinin nəzarətində olan mühafizəkarların razılaşma ilə bağlı açıqlamaları da durumun nə qədər kövrək olduğunu bir daha sərgilədi. Üstəlik qarşıdakı İslam Şurası Məclisinə seçkilərdə qərblə münasibətlərin yumşalmasında israrlı olan "islahatçıların" seçkiyə buraxılmaması da prosesin elə də öz axarında olmadığını sərgilədi. Bəs belə bir durumda qərbin İrandan istəkləri və gözləntiləri nədir? Ötən il iyulun 14-də "Altılıq"la imzalanan 159 səhifəlik sənəddə İrandan atom silahından imtina, bu zəmində fəaliyyətlərə xitam verilməsi tələb olunaraq əvəzində uzun illər ölkə iqtisadiyyatına ağır xəsarətlərə tamam olan sanksiyaların götürülməsi vəd olundu və yanvar ayında sonuca varıldı. Bundan sonra bəşəriyyət İrana qarşı xoşməramlılığa əsaslanan bu davranışına rəsmi Tehrandan da adekvat addımlar gözləyəcək. Təbii ki, dünyanın İrandan gözlədiyi təkcə atom təhlükəsinin sovuşdurulması ilə bitmir. 37 il ərzində ölkədə insan haqlarına yanaşma, 80-ci illərdə kütləvi şəkildə həyata keçirilən və bu gün də səngiməyən edamlar, Orta Şərqdə baş verən olayların körüklənməsi, terror qruplarına dəstək, Latın Amerikasındakı solçu rejimləri ABŞ-a qarşı maddi himayə etmək.. Yəqin ki, bu siyahı uzana bilər. Artıq dördüncü onillikdir ki, dünya İran siyasilərinin " kaprizlərinə" dözmək, qapalı ölkədə baş verən olayları kənardan izləmək məcburiyyətində qalıb. Hətta 2009-cu ildəki məlum siyasi olaylarda belə seyrçi mövqeyində qalmağı tərcih etdi. Bəs, 21-ci yüzillikdə demokratiyanı özünün əsas ideoloji xətti sayan qərbin İranla bağlı siyasətində dəyişən məqamlar nədir? Qərb yaxşı anlayır ki, hazırki siyasi quruluş (İnqilab rəhbərinin iradəsi əsasında formalaşan siyasi sistem) İranın hətta götürdüyü son öhdəliklərə belə sadiq qalmasına əngəl ola bilər. Üstəlik mövcud siyasi sistemin hər hansı islahata getməsi də absurd görünür. Çünki islahatlar İİR quruluşunun çökməsi ilə də sonuclana bilər. Amma bununla belə qərb bu rejimlə bir masa arxasında oturmağa da etiraz etmir. O rejimlə ki, Suriya olaylarına birbaşa müdaxilə etmişdir, o rejimlə ki İraqdakı durumun qeyri-stabil durumun qalmasında birbaşa təsirli olub, o rejimlə ki, qonşu Azərbaycanda özünün müdaxiləçi əməllərindən əl çəkmir. Belə ki, İran dairələri Bakının Nardaran kəndində baş verən olaylara növbəti reaksiyaları ilə bir daha qonşu ölkənin ərazi bütövlüyünü hədələdiklərini ortaya qoydular ( Nəzərə alsaq ki, analoji hallar dəfələrlə baş verib. General Firuzabadinin bəyanatını, Ayətullah Şəbüstərinin" Şimali İran" sərsəmləməsini xatırlamaq yetər) Ötən bir ay ərzində onlarla məhbusu edam edən İran rejimi üçün insan haqları amili də öz anlamını itirmişdir( Təsdiq olunmuş və KİV-lərdə də yayılmış məlumatlara görə təkcə ötən il dekabrın 24-də Qəzvində 16, dekabrın 31-də Təbrizdə 6, bu il yanvarın 6-da Kərəcdə 6 nəfər müxtəlif ittihamlarla edam olunub. Ötən iyul ayında 14 yaşlı Əkbər Zərgərzadənin cinsi təmayülünə görə edam olunmasını da yəqin ki, qərb dairələri eşitməmiş deyillər). "İranın Müstəqil Azərbaycan fobiyası" Təbii ki, Azərbaycan olaraq da İranda baş verənlərə biganə deyilik. Həm soydaşlarımızın durumu baxımından, həm də qonşu ölkədə demokratik cəmiyyət və sabitliyin olmasında biz də maraqlıyıq. Bizim İranda yaşayan 35 milyon soydaşımızla bağlı arasıra səsləndirdiyimiz bəyanatlar da sırf insan haqları və milli haqlar aspektində dəyərləndirilə bilər. Nəzərə alsaq ki, bu bəyanatlar da heç zaman rəsmi Bakının deyil, ayrı ayrı siyasi partiya və qurumlarım mövqeyini əks etdirmişdir. Bunun müqabilində qonşu ölkə rəsmilərinin heç də adekvat olmayan yanaşmaları gerçəkdən bir qonşu olaraq bizi narahat etməyə bilməz. Noyabrda Bakının Nardaran kəndində baş verən hadisələri ürək ağrısı ilə izlədik. Qurbanlara görə hamımız üzüldük. Hakimiyyəti olaya dinc şəkildə müdaxilə etməməsinə görə qınadıq. Amma hadisələrdən dərhal sonra, hələ üzüntünün şokundan çıxmağa macal tapmamış İran dairələrinin olaya müdaxiləçi yanaşması Nardaranda gerçəkdən haqqını tələb edənlərin də mübarizəsinə kölgə saldı. Sonucda altı vətəndaşımızın ölümü ilə nəticələnən qanlı olayın gerçək səbəbkarları ortaya çıxdı -Nardaranı özünün 31-ci ostanı kimi düşünənlər!! Rəsmi Bakı isə yenə də ənənəvi olaraq bu məsələ ilə bağlı sukutunu pozmadı. Zatən gözlənilən də bu idi.. İran 1991-ci ildə müstəqilliyimizi elan edəndən bu anadək Azərbaycanla bağlı dəyişməz mövqedə qalmışdlr. Burada islahatçı prezident sayılan Xatəminin əsas ideoloqlarından olmuş və hazırda İran siyasi müxalifətinin tanınmış siması kimi Böyük Britaniyada yaşayan Əkbər Gəncinin " İranın şimalında Azərbaycan adlı bir qarış torpağın varlığı da bizim əmniyyətimiz üçün təhlükəlidir" ifadəsini xatırlatmağı borc bilirəm. Buna bənzər keçmiş Xarici İşlər naziri Əliəkbər Vilayətinin də açıqlamasını unutmamışıq. Şəxsən mənim üçün bəzi vətəndaşlarımızın ötən noyabr ayında İran Əhli Beyt Cəmiyyətinin sədri Ayətullah Əxtərinin İrəvanda İkinci Qareqinin hüzurunda "farslarla ermənilər bir millət, iki dövlət" kimi açıqlamasını eşidərkən sərgilədikləri reaksiyaları olduqca maraqlıdır. Bəs Milli dövlətçilik maraqlarını daim hədəf alan bir sistemdən nicat ummanın anlamı varmı?! Azərbaycanda kifayət qədər sosial, iqtisadi, siyasi sorunlarının olmasını inkar etmək sadəlövhlük olar. Amma bu sorunların həlli də, onun həlli üçün mübarizə də bizim , biz Azərbaycan vətəndaşlarının öhdəsinədir, bizim məsuliyyətimizdir və biz çözməliyik, mənim əzizlərim! Çünki dini təəsübkeşlik iddiasında bulunan Tehranın qonşu müsəlman ölkənin torpaqları işğal olunanda göstərdiyi reaksiyanın da şahidi olmuşuq. Bu gün ayrı-ayrı saytlarda vaxtilə Qarabağ savaşında SEPAH-ın Azərbaycana "kömək etməsini" millətin düşüncəsinə sırımaq istəyənlər də İranın istər Xocalıdakı müsəlman soyqırımına, istərsə də Ağdamdakı məscidə qarşı hörmətsizliyə necə seyrçi qalmasını hər kəsdən yaxşı bilirlər. İran bu məsələdə bizim üçün heç uzaq Peru, ya Honduras kimi də mövqe nümayiş etdirməyib. Bu ölkələrin, o cümlədən Kolumbiyanın okeanın o tayından Xocalı soyqırımını tanıdıqları halda müsəlman şiə təəsübkeşi olan qonşumuz bu olaydan sonra təcavüzkarı qınamaq əvəzinə onu enerji ilə də təchiz etməklə əslində zalımın yanında durduğunu bir daha isbatlamışdır. Hər dəfə bu suallar ortaya çıxanda ilk bəhanə "Bəs niyə qardaş Türkiyə bu olayı soyqırım kimi tanımır ?" kimi də səmimiyyətdən kənar yanaşma irəli sürürsünüz. Halbuki siz, Türkiyənin Azərbaycanla çiyin-çiyinə 1915-ci il yalanlarına qarşı mübarizəsində də Ermənistanın mövqeyini müdafiə edir, hər il aprelin 24-də Tehranın mərkəzindəki KərimXan Zənd prospektində erməni camaatının yürüşünə və müsəlman Türkiyəyə qarşı ölüm şüarları səsləndirməsinə də şərait yaradırsınız. Fevralın 26-da İranda növbəti parlament seçkiləri keçiriləcək. Bəlkə də bu təqvimin özü də bir tarixi qanunauyğunluğun nişanəsidir. Çox istərdik ki, 26 fevralda mandat qazanacaq İŞM üzvlərinin 26 fevral soyqırımını tanımaları bəlkə də İranın son iki onillikdə Azərbaycanla bağlı həyata keçirdiyi qeyri-səmimi siyasətində bir dönüş olardı. "Dünyanın "İran" sorunu bitəcəkmi?" İran demokratikləşməlidir. İran dunyaya açılmalıdır. İran milli haqların təmin olunduğu bir siyasi quruluşa sahib olmalıdır. Şəxsən 2009-cu il olaylarında İran vətəndaşlarının buna nə qədər meylli olduqlarının şahidi oldum. Hərçənd yaşıl Cərəyanın milli haqlarla bağlı yanaşması da qüsurlu idi. O zaman Tehranın İmam Hüseyn meydanından Azasi meydanınadək 3 milyonluq insan seli məhz dəyişmək mesajı verirdi. Təbii ki, kortəbii, siyasi cəhətdən idarə olunmayan bu aksiyaların sonuc alması mümkün deyildi. Sonraki siyasi repressiyalar isə rejimin hər hansı islahata qarşı amansız olmasını göz önünə qoydu. Amma artıq beynəlxalq şərtlər də bu dəyişikliyi diqtə etməkdədir. 37 il mövcudluğu ərzində onminləri edam edən, İraqla anlamsız savaşda 300 mindən artıq qurban verən, siyasi azadlıqları yasaqlayan,insan haqlarını boğan, 80 milyona yaxın əhalini ideologiyanın əsirinə çevirən rejimin dəyişməsi təkcə məntəqə üçün deyil, bəşəriyyət üçün də vacibdir. Görəsən bəşəriyyət son dönəmlərdə malik olduğu sorunlardan birindən yaxın gələcəkdə qurtula biləcəkmi? Təbii ki, parlament seçkiləri ərəfəsində Nigəhban Şurasının namizədlərə yanaşması bu perspektivi qaranlıq məcraya yönəltdi. 37 il "Amerikaya ölüm!" şüarı ilə hökumət edən, qərbə meydan oxuyan mühafizəkar kəsim üçün islahatçılara "kart blanş" verməsini gözləmək də sadəlövhlük olardı. Amma hər halda durumdan çıxış yolu kimi və ölkənin xarici dünyaya açılması üçün " Mesbah Yəzdi" düşüncəsindən xilas olmaq şərtdir. Əks halda sanksiyaların götürülməsi də ölkə problemlerinin köklü həllinə səbəb olmayacaq. Hər halda Azərbaycan olaraq, soydaşlarımızın da əksəriyyətinin yaşadığı yaxın qonşumuzda sülhün, sabitliyin və rifahın olması səmimi istəyimizdir.

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti