|
Nərmin Kərimzadə
Quranı ən mükəmməl tətbiq edən və həyatı boyu yalnız Qurana uyğun yaşayan Peyğəmbərimiz (səv) müsəlmanlar üçün ən gözəl nümunədir. Bildiyimiz kimi Peyğəmbərimizin (səv) Quran əxlaqını əks etdirən üslub və sözlərindən bəziləri dövrümüzə qədər gəlib çatmışdır. Lakin Peyğəmbərimizin (səv) sünnəsinə uyğun olmayan, saxta hədislərin sonradan hədis kitablarına daxil edildiyi həqiqətini də unutmaq olmaz. Saxta hədisləri səhih hədislərdən fərqləndirən cəhət Qurana zidd olmalarıdır. Qurana uyğun olmayan söz və üslub isə qətiyyən Peyğəmbərimizə (səv) aid ola bilməz.
Gənc nəsil adətən ilk dini biliklərini valideynlərindən və ya yaşlı nəsildən eşidib öyrənirlər. Öyrəndiklərinin doğru-olub olmadığını araşdırmaq istədikdə isə üz tutduqları ilk mənbələr hədislər və fərqli dini kitablar olur. Və ya hansısa din mütəxəssisinin fikirlərinə yönəlirlər. Lakin ən önəmlisi doğru mənbə olan Qurana müraciət etməkdir. Bəzən Quranı hər kəsin anlaya bilməyəcəyi və bunun üçün də Quranı hədislərin işığında anlamlı olduğumuzu iddia edənlər olur. Bələ olduğu halda müxtəlif hədislərə müraciət edirik. Fərqli məzhəblər fərqli hədisləri bizə öyrətməyə çalışdıqlarında isə İslamın parçalandığını və tək Allaha, tək Peyğəmbərə (səv), tək Kitaba iman edən insanların bir-birlərindən ayrıldığının şahidi oluruq.
Bütün bunlara səbəb olan isə xurafatlardır. Xurafatçılığın mənbəyi adət-ənənələrdən, ağızdan-ağıza yayılan fikirlərdən, böyük bir qismi də Peyğəmbərimizə (səv) aid olduğu iddia edilən saxta hədislərdən ibarətdir. Hədislərin həqiqətən Peyğəmbərimizə (səv) aid olub-olmadığını bilmək üçün isə sadəcə Qurana müraciət etmək lazımdır. Əgər hədis Qurana uyğundursa doğrudur. Çünki Quran İlahi kəlamdır və Allah ayələrdə Quranı qoruyacağını bildirmişdir. Demək ki, bütün müsəlmanların birləşməsi üçün hər kəsin əsas mənbə olaraq hədislərə deyil, Qurana müraciət etməsi çox vacibdir.
İlk hədislərə və tarixi mənbələrə baxdıqda da Peyğəmbərimizin (səv) və dörd xəlifənin dövründə heç bir yazılı hədis olmadığını görürük. Bəzi mənbələrə əsasən ilk hədis toplayan şəxs əz Zuhrudur. Lakin Buxariyə qədər hədislərin doğru və ya səhv olduğu nəzərə alınmırdı. İlk dəfə Buxari hədisləri “səhih” və “zəif” kimi təsnif etmişdir. Bu isə Peyğəmbərimizin (səv) şəhadətindən 200-300 il sonraya təsadüf edir. Ancaq hədisləri araşdırdıqca bu cəhdin nəticəsinin də qənaətbəxş olmadığı aydın olur. Çünki nəinki zəif, hətta tamamilə uydurma hədislər də sürətlə çoxalaraq İslam adı altında yayılmışdır. Bunun nəticəsi olaraq da bu gün müsəlmanlar tək Kitabları olan Qurandan uzaqlaşmış, müxtəlif məzhəblərə ayrılmışlar.
İslamı bütün xurafatlardan arındırmaq və Qurana yönəlmək bütün müsəlmanlar üçün çox vacibdir. Quranda Peyğəmbərimizin (səv) Rəbbimizə yönəltdiyi tək şikayəti var. Bu, İslam aləminin Quranı tərk etməsidir. Furqan surəsinin 30-cu ayəsində bildirilir ki, Qiyamət günü "Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək". Buna görə də Rəbbimizin qoruduğu Quran müsəlmanlar üçün yetərlidir. Quran qorunduğu və dəyişmədiyi üçün xurafatçılar əsla Quranı əsas mənbə kimi istifadə etməmiş, çətinləşdirməyə çalışdıqları İslam dininə Qurandan heç bir dəlil gətirə bilməmişlər. Xurafatlarına mənbə kimi ancaq saxta hədisləri göstərmişlər. Çünki Quranda bütün müsəlmanları birləşdirən tək yol, tək təsvir və tək ağıl vardır.