|
Səhər Əhməd
Bir cümlə idi. Bircə cümlə. Allah bilir, neçənci dəfədi, oxuyurdu. Beynindəki bütün səsləri susdurub, o cümləni “dinləyirdi”.
“Bağışla ki, gələ bilmirəm”.
Düzünə qalsa, onu heç gözləmirdi də. Nə özünü, nə üzrxahlığını. Gözləyib-gözləyib yorulmuşdu. Əlini üzmüşdü artıq. Heç nə yazmasa da, bağışlayacaqdı onu. Nəsə bir bəhanə tapacaqdı bağışlamağa.
İllər boyu bu cümlənin yolunu çox gözləmişdi. Özü gəlməsə də, sözünün gəlməsini istəmişdi. Amma bu istək də yaşamırdı artıq. Sağalmaz xəstənin həkimə inamı kimi ölmüşdü.
Düşündüyü başqa şeydi: niyə “Bağışla, gələ bilmirəm” yox, ”Bağışla ki, gələ bilmirəm?” Artıq söz işlətməyi sevməzdi bu cümlənin müəllifi. Çox xəsisliklə seçərdi sözləri.
Fikrini toplayıb, bir də oxudu. Bəli, yanılmamışdı. Bu “ki” çox böyük məna fərqi yaradırdı. O olmasa çox adi səslənərdi cümlə.
O, əslində, bütün deyəcəklərini bu “ki”yə yükləmişdi. Bütün çarəsizliyi. Çıxılmazlığı.
Sonra da deyirlər ki, köməkçi nitq hissələrinin leksik mənası olmur. Halbuki, bir-biriylə bağlayıcıyla danışan adamlar var bu dünyada.
Bu cümlə həm də son idi. Hər şeyin sonu. Onların romanının epiloqu. Oxuduqları və oxumadıqları bütün əsərlərdən bir parça vardı bu romanda. Amma bu romandan heç yerdə yoxdu. Yazılmamışdı. Oxunmayacaqdı.
Bu romanın proloqu da məktub şəklindəydi. Amma bir cümlədən ibarət deyildi. Həm də onda bağlayıcılarla anlaşmırdılar hələ. Sözlərin leksik mənası ölməmişdi onda.
Bu iki məktub arasındakı roman uzun bir ömürdən söhbət açırdı. Bir əzabın əsarətində yuxuda olan, dadı çıxarılmayan, haqqı verilməyən bir ömürdən. Gözləməklə keçən uzun-uzun günlərdən, göz yaşlarıyla yastıqların islandığı gecələrdən.
Müharibə vardı bu romanda, ölüm qorxusu, əsgər çəkmələri vardı. Doğum günləri, bayram ərəfələri, xəbərlər, hadisələr, küçələr, parklar, avtobus dayanacaqları, qəzet köşkləri, metro stansiyaları vardı.
Bu boyda romanı kodlaşdırıb bağlayıcı şəklinə salmışdılar sonda. Bundan o tərəfi yox idi artıq.
“Bağışla ki, gələ bilmirəm”. Bağışla ki...
Və bağışlayırdı. Nəinki bağışlayır, həm də əsarətdə keçən o ömrü halal eləyirdi, bir “ki” ilə roman yazan o adama...
Kulis.az