|
Natiq Muxtarlı
Azərbaycan futbolunda vəziyyət o həddə çatıb ki, qurban tələb olunur. Qurban vermək lazımdı ki, ara sakitləşsin, ictimai rəy azdırılsın. Bu günə qədər bildiklərini edənlər növbəti “Qurban bayramı”na qədər yenə də bildiklərini etsinlər. Bu dəfə veriləcək qurbanı da müəyyənləşdiriblər. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdu qurbanlıq kadr. İctimai rəyi belə formalaşdırırlar: “Azərbaycan futbolunun bəlası odu”. Mətbuat da düşüb belə formalaşdırmanın “təkər”inə. Xaqani Məmmədovun eninə də, uzununa da döşəməklə, “moşenniklər”in təkərinə hava vururlar.
Azərbaycan futbolunun bəlası, problemi Xaqani Məmmədov deyil. Deyək ki, Xaqani Məmmədovu dəyişdilər, futbolumuzda dəyişən nə olacaq? Guya bilmirsiz ki, hakimlər Xaqani Məmmədovun yox, başqalarının sifarişiylə fit çalır? Guya bilmirsiz ki, Xaqanini Nökərani, Qulani, Yaltaqani əvəzləməklə Azərbaycan futbolunun problemləri həll olunmayacaq? Bir ildən sonra onu əvəz edənin istefasını tələb edəcəksiz. Yenə də ictimai rəy formalaşdıran “moşenniklər”in diqtəsiylə.
Azərbaycan futbolunun problemi futbolçu, məşqçi, hakim problemi deyil. Azərbaycan futbolunun problemi idarəçi problemidi. Azərbaycan futbolunun problemi Rövnəq Abdullayevdi, Elşad Nəsirovdu, Elxan Məmmədovdu, Ramin Musayevdi. Onlardı bəla. Onları qoyub Xaqani Məmmədovun yaxasından yapışmaq elə bəlanı qorumaqdı. “Rövnəq Abdullayev neynəsin, o, pul ayırır” arqumentini də gətirmək sadəcə, novruzəlilikdi. Azərbaycan futboluna pul SOCAR-dan verilir. O vəsaitin ayrılması üçün göstərişi verməyə isə bu ölkədə yalnız bir şəxsin səlahiyyəti var: Azərbaycan respublikasının prezidentinin! Pulu ayıran prezidentdi. Rövnəq Abdullayev və dəstəsi o vəsaitin başına daş salmaqla məşğuldu.
Yeddi illik Berti Foqts dönəmini yada salın. Bu, sizə 7 illik çaxır deyil ey, içib məsti-xumar olasız. Bu, bəladı. O bəlanı isə Azərbaycana Xaqani Məmmədov yox, Rövnəq Abdullayev, Elşad Nəsirov, Elxan Məmmədov gətirmişdi. İndi ictimai rəy “Rövnəq Abdullayev və komandası 7 illik bəlaya görə hesabat verməlidi” kimi formalaşmalı idi. İctimai rəyi bu formadan uzaqlaşdırmaq üçün “Xaqani Məmmədov günahkardı” “təkər”ini düzəldiblər. Mətbuat da, ictimaiyyət də minib bu “təkər”ə, fırlanır özü üçün. Və belə görünür ki, adamlar “təkərə düşməkdən” zövq alır. Elədisə, fırlanın, bala, fırlanın.
Komanda.az