|
Aqil Camal
“1975-ci il... Məhkəmədə son söz verildi. Ayağa qalxdı, son söz yerinə Səməd Vurğunun Azərbaycan şeirindən bir bənd deyib, oturdu. Hakim hökmü oxuduqdan sonra Onu Qaradağ Daş Karxanasına – məhbəsə yolladılar.
Artıq məhbəsə xəbər gedib çatmışdı: “O gəlir”. Onun üçün ayrıca yer hazırlamışdılar, müəllimin gəlməsini gözləyirdilər. Artıq Əbülfəz mayın axırı Qaradağ DaşKarxanasında idi. Dustaqlar onu xüsusi hazırlanmış mənzilə aparıblar. Mənzil çox da pis olmayıb. Dustaqlıq şəraitində stul, tumboçka, səliqə ilə örtülmüş təmiz yorğan, döşək, qrafin, stəkan və sair. Onu 2 gün işə buraxmayıblar. Dustaqlar Əbülfəzin nə üstə tutulduğunu əvvəlcədən bilirdilər. Türmə həyatının qayda-qanunlarını ona danışıblar. Ona bir dustaq ayrılıb ki, qulluq etsin, yatdığı yeri həmişə təmiz saxlasın, suyunu gətirsin, əl-üz dəsmalını təmiz saxlasın və s. Əbülfəz buna razı olmayıb. Ancaq dustaqlar buna etiraz edib deyiblər ki, sən bizim qanunları pozursan. Onda Əbülfəz deyib ki, bir şərtlə razı olaram ki, mənim üçün ayırdığınız adam qeyri-millətdən olsun. Dustaqlar razılaşıblar...”
Bu sətirlər Əbülfəz Elçibəyin qardaşı, rəhmətlik Murad Bəyin “Qardaşım Elçibəy haqqında xatirələrim” kitabındandır.
XX əsrdə Azərbaycanın və Türk Dünyasının tarixinə adını şərəflə yazmış Əbülfəz Elçibəyin millət sevgisi haqqında çoxsaylı yazılı və şifahi örnəklər var. Gəncliyindən, ta son nəfəsinədək millətinə olan sevgisini Tanrı sevgisi tək varlığında gəzdirən bu abidə şəxsiyyət, bir çox məziyyətləri kimi millət sevgisində də hamıdan fərqləndi. Onun millət sevgisi gözəgörünməz bir varlığı sevməkdən uzaq idi. Onun millət sevgisi millətini fərd-fərd sevməkdən yoğrulmuşdu. Onun 50 milyonu, 300 milyonu sevməyi məhz bir fərdi sevməkdən başlayırdı.
Yuxarıda – kitabdan verdiyim parçada bu sevgi özünü ibrətamiz, bənzərsiz şəkildə göstərir. Öz millətindən olan bir dustağa dəyər vermək, ona sevgi və sayğı göstərmək, onu özünün xidmətçisi gözündə görə bilməmək... Kim bilir, bəlkə o dustaq ən ağır cinayət törətmiş birisi idi. Ancaq Elçibəy üçün o, millətinin bir fərdiydi. Hətta millətinin ən axırıncı fərdi olsa belə. O üzdən, həmin dustağın ona xidmətçi kimi qulluq etməsinə razılıq verməmişdi...
Mənim üçün bu olay, Elçibəyin millət sevgisində ən böyük zirvədir. Millətinin fərdini sevməyən kəs, onun milyonlarını da sevə bilməz.
Mənbə: TÜRKÜSTAN qəzeti 23-29 İyun 2013 xüsusi buraxılış.