Raminə Eyvazqızı
İki il əvvəl Qurban bayramı günlərində İranda idik. İslam dini “müəllim”i kimi özünü dünyaya təqdim edən həmin İranda marağıma səbəb olan məqamlar oldu. Orada tək-tük adam özbaşına qurbanlıq qoyun kəsdirər. Camaatın çox hissəsi qohum, qonşusu ilə “atışıb” inək alarlar. Sonra da həmin inəyi kəsib dədə malı kimi bərabər öz aralarında bölərlər. Bir az da konkret desəm, hamı öz evi üçün qurban ətini istifadə edər. Heç kəsə verməzlər. Başqa sözlə, qurban kəsmək vacib sayılsa da, onu paylamaq kimi niyyət yoxdur. Qəribə olsa da, mənim qarşılaşdığım bayram ənənəsi olan yerdə mənzərə belə idi. Desəm ki, bizdə də qurban kəsənlər ətrafı sevindirmək üçün bunu edirlər, mənə gülərsiz. Əminliklə deyə bilərəm ki, Azərbaycanda qurbanlıqların yarısından çoxunu alan adam onu kəsəndən sonra soyuducusuna dürtür, bala-bala yeyir. Hər dəfə də yeyəndə özü-özünə “Allah qəbul eləsin”deyir. İndi iş qalır, Allah- Təalanın bu əməli öz dərgahında saf-çürük etməsinə. Belə adamlar camaat arasında təvəzökarlığa daş atıb, doğru əməllərinin arasında “hər il qurbanımı da kəsirəm” deyib özü ilə fəxr edir.
Bu Qurban Bayramında da yenə qoyunlara qırmızı dəst paltar geyindirib şadyanalıq etdilər, “sənə quzu kəsərəm” deyənin cibindən qurbanlıq üçün heç bir manat da çıxmadı, hamı bir –birini “qoyun” şəkli ilə təbrik etdi, bir dəfə də olsun sosial şəbəkədə inək şəklini qoyub bayramlaşan olmadı. Gözü yolda qalanlar başqasının kababının iyindən “doydular”, küçələr qana boyandı. Bir-iki günə həmin qandan ötən il kimi Xəzərin də rəngi qızaracaq. Kabab üçün restoran-restoran gəzənlərin bu günlərdə vegetarian olmaq sevdası başına vurdu, guya bunlar üçün qoyun kəsmək, əstəğfirullah, adam kəsmək kimi bir iş idi. Yenə səmimiyyətsiz sözlər, təbriklər, ürəkbulandıran mənzərələr...
Bir hörmətli jurnalistimiz deyir ki, əsrlərdir müsəlmanlar hər il qurban kəsmək qaydalarını öyrənib bitirmirlər. Hardasa razılaşmaq olar. Məsələ ondadır ki, qurban kəsmək o tərəfə qalsın, bayramın niyə bayram olduğunu bilmək istəmirlər. Elə bilirlər, işin əsli, həmin gün həyətində qoyun mələtmək, sonra onu kəsdirib yeməkdir. Hələ azyaşlı uşaqların da bu kəsimə şahid olmasını həvəslə təkid edirlər. İndi həmin balacaların ağlında bu mənzərə necə qavranılır, deyə bilmərəm. Hər halda kəsimin uşaqların gözünün qarşısında edilməsinin əleyhinəyəm. Qurbanlıqlar bir məqsədlə kəsilir. Başqasını sevindirmək, əli ətə çatmayanları doyuzdurmaq. Bayram qurban kəsəndən çox, qurban payladığın insanlar üçündür. Yoxsa, qurbanını kəsib sonra da araqla mədəyə yollayanlar bayram etdiklərini sanırlar? Ən gülməlisi odur ki, belələri qabaqcadan özlərinə təsəlli də verirlər, “Allah günahımdan keçər”. Guya qabaqcadan razılaşma, şərtləri varmış, xəbərimiz yoxdur. Bir də “hər şeyimi sənətimə qurban vermişəm” deyəninin, siyasətçisinin, iş adamının yetim, fağır-füqəra üçün ət payladığını görmədim. Necə ki, görməmişəm.
Kim nə deyir desin, həmişəki kimi bayramda yenə yaxşı pul qazanmaq istəyənlər bayram etdilər. Həmin qrup arasında baytarlar, sanitarlar, yol polisləri daha öndə idilər. Əsas odur, qoyun bol idi, qoyun. Camaat korluq çəkmədi. Min bərəkət.