|
Səadət Cahangir
Deyilənə görə aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı sosial yardımların müddətini bir ildən iki ilə qədər artırmaq istəyirlər. Bilmirsən buna sevinəsən, ya kədərlənəsən. Özü də açıqlanan rəqəmlərə görə, keçən il bu yardımı alan ailələrin sayı 2006-cı illə müqayisədə, 48,7 mindən 143,7 minə çatıb. Təxminən 100 minə yaxın artım sizə zarafat gəlməsin. Indi müddətin uzadılması fikri bir tərəfdən yoxsulluğun azalıb lap aşağı səviyyəyə düşməsi haqqında deyilənləri boşa çıxarır, başqa bir tərəfdən saxta yollarla hazır yardım əldə etmək istəyənlərin sayının artacağından xəbər verir.
Əslinə qalsa, sosial yardımların miqyasını genişləndirmək və vaxtını uzatmaq o qədər də ağıllı fikir deyil. Normal cəmiyyətlərdə belə yardımların məqsədi ağır həyat şərtləri altında yaşayan insanları çətin durumdan çıxarmaqdır. Bundan sonra başının çarəsini özün qılmalı, yola özün davam etməlisən. Doğrudan da, hökumət on minlərlə ailənin bütün ağırlığını uzun illər çiynində çəkə bilməz axı. Amma şübhəsiz ki, belə qayda-qanunlar yalnız sivil ölkələrdə işləyə bilər. O ölkələrdə ki, həmin ünvanlı sosial yardımı sözün həqiqi mənasında ehtiyacı olanlar alır. Həmin ailələri hökumət onlara əzab-əziyyət vermədən özü müəyyənləşdirib siyahısını tutur. Bu işin içinə saxtakarlıq və rüşvət qarışmasını isə heç ağlınızın ucundan da keçirə bilməzsiniz...
Indi baxaq, bizdə o sosial yardımı alan ailələrin neçə mini gerçəkdən yoxsulluq həddində yaşayanlardır. Hələ ilk illərdə bu yardımı almasına kömək etmək istədiyim iki ailəni misal gətirəcəyəm. Hər iki ailə keçmiş Tağıyev tikiş-toxuculuq kombinatının yataqxanasındakı bir otaqlı mənzildə yaşayırdı. Ailələrdən birinin başçısı çox gənc ikən dünyasını dəyişmişdi, özü də məşhur hökumət rəsmilərindən birinin qohumunun bağ evinin tikintisi zamanı. Üç azyaşlı uşağı qalmışdı. Gənc dul qadının da yüksək təhsili və peşəsi olmadığından, günəmuzd işlərdə çalışıb, övladlarını dolandırmaq məcburiyyətində idi. Xülasə, gözümün şahidliyi ilə “yoxsulluğun dibində olan bir ailə” desəm, inanın. Ikinci ailə Zəngilandan məcburi köçkün olan 3 nəfər qadından ibarət idi-ana və iki qızı. Rayon işğal olunduğu zaman böyük faciə yaşamışdılar. Ailənin böyük qızı dörd övladı və həyat yoldaşı ilə birgə itkin düşmüşdü. Baş verənlərin stressindən ailənin hər üç üzvü vaxtaşırı müalicə alırdı. Və mən həmin sosial yardımın alınmasında bu iki ailədən heç birinə kömək göstərə bilmədim. Təbii ki, inadlı səy göstərə bilmədiyimdən deyil, o işə bilərəkdən yaradılan bürokratik əngəllərin və gərəksiz kağız-kuğuz tələblərinin üzündən. Lakin sonralar bu yardımdan elə ailələrin yararlandığını eşitdim ki, əlim üzümdə qaldı. Demək ki, bu işin içinə də saxtakarlıq ayaq açıb yeriyibmiş...
Uzun sözün qısası, dediyim odur ki, buralarda mövzu pul olunca, kasıbın göz yaşına, filana baxmazlar. Səssizcə yeyib, üstündən də su içərlər. Əgər məlum siyahıdakı 144 minə yaxın ailənin seçimində də, söz açdığım bənzər insanlar kənarda qalıbsa, o yardım sadəcə bir yeyinti mənbəyi deyil, bəs nədir?
P.S. Illər öncə iş üçün Danimarka Qaçqınlar Şurasına CV verən bir tanışımız danışmışdı bunu. Müsahibə zamanı qızın parlaq tərcümeyi-halını və cavablarını bəyənən şəxs ona nədən oxuduğu xarici ölkədə qalmadığını soruşub. Qız “öz ölkəmə xeyir vermək istəyirəm” deyib. Nümayəndənin cavabı belə olub: “Siz öz yoxsulunun adına ayrılan yardımın yeyildiyi bir ölkədə kimsəyə xeyir verə bilməzsiniz”.
Azadlıq.info