|
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsinin gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə 31 avqustda verilən fərmana görə, ARDNF-nin cari il üçün ötən ilin sonunda təsdiq olunmuş büdcə gəlirləri 36,8 faiz azaldılaraq 6,2 milyard dollardan 3,9 milyard dollara, xərcləri isə 7,3 faiz artırılaraq 6,8 milyard dollardan 7,3 milyard dollara çatdırılıb.
Maraqlıdır ki, ötən il ARDNF-nin idarə edilməsi ilə bağlı xərclər 24 milyon 304 min 900 manat olduğu halda bu il üçün bu məqsədlə ayrılan vəsait 5,5 milyon manatdan çox artırılaraq cəmi xərclər 29 milyon 910 min 300 manata çatdırılıb.
Məlumat üçün qeyd edim ki, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ARDNF-nin aparatının işçilərinin sayı 160 ştat vahidi müəyyən edilib. İşçilərin çalışdığı 84 milyon 916 min Avroya başa gələn inzibati bina ikimərtəbəli yeraltı dayanacaqla birlikdə 26 mərtəbədən ibarətdir ki, onun da 18-i açıq tipli ofis mərtəbəsi sayılır. Beləliklə də sahəsi 440 kv metr olan hər açıq tipli ofis mərtəbəsində orta hesabla 8-9 nəfər çalışır.
ARDNF-nin idarəetmə xərclərini işçilərinin sayına böləndə hər ay 1 işçiyə orta hesabla 16 min manatadək idarəetmə vəsaitinin xərcləndiyi bəlli olur. Təbii ki, orda çalışan işçilər o qədər əmək haqqı almırlar. Sadəcə pandemiya dövründə ölkədə orta aylıq əmək haqqı məbləğinin azaldığı və ARDNF-nin gəlirlərinin ötən illə müqayisədə 3 dəfəyək aşağı düşəcəyi proqnozlaşdırıldığı halda Fondda idarəetmə xərclərinin 5,5 milyon manatdan çox artırılaraq 30 milyon manata çatdırılması suallar doğurur və əlavə izahat tələb edir.
Yeri gəlmişkən onu da qeyd edim ki, bu il ARDNF-nin valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər də təsdiq olunmuş əvvəlki büdcə ilə müqayisədə 62,2 faiz və ya 377 milyon dollar azalacaq.
Qubad İbadoğlu,
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri