|
DÇ-2018-in seçmə mərhələsində öz meydanında Norveç ilə qarşılaşan milli komandamız 1:0 hesablı qələbəyə sevinib. Keçirdiyi hər 2 oyunda qələbə qazanan yığmamız qrupda liderliyə yüksəlib.
Matç başa çatdıqdan sonra AFFA prezidenti Rövnəq Abdullayev brifinq keçirib və qısa açıqlama verib.
R.Abdullayev deyib ki, oyundan razı qalıb: “Təbii, oyun məni qane etdi. Kimi etmədisə, əlini qaldırsın (gülümsəyir)... Bəli, oyun çox xoşuma gəldi. Gəlin, qəbul edək ki, güclü, iddialı komanda ilə qarşılaşdıq. Hətta dünən jurnalistləri mətbuat konfransına da gəlməmişdi ki, hər şey hazırdı. Ancaq gərək belə arxayınlıq etməyəsən.
Çox sevinirəm ki, seçmə mərhələdə iki oyunda qələbə qazandıq, ilk pillədəyik. Oyunun fərqi yoxdu, əsas nəticədi. Hələ belə bir şey olmamışdı, hamınızı təbrik edirəm.
Biz bu seçmə mərhələyə start verəndə cavanlar belə bir deviz hazırlamışdılar: Niyə də yox?! Məsələn, Rəşad Sadıqov heç kimdən əskik deyil, əksinə hətta artıqdır. Mən də dedim ki, gedin, vuruşun, oynayın, qazanın”