|
Neftçala rayon 4 saylı məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 63 yaşlı Alik Novruzov yanvarın 7-də özünü yandırıb. Buna səbəb onun kredit borclarını ödəyə bilməməsi olub.
İş yoldaşlarının AzadlıqRadiosuna verdiyi məlumata görə, hadisə məktəbin qazanxanasında baş verib. Onun köməyinə də məktəbin işçiləri gəlib. Alik Novruzov hazırda xəstəxanadadır.
«Biz sonradan bildik ki, onun banklara kreditləri olub. Bu haqda istintaqa ifadə verəndə bilmişik. Hazırda onun vəziyyəti kafidir», - məktəbin işçilərindən biri telefon söhbətində belə deyib.
Rayon polis idarəsindən AzadlıqRadiosuna faktı təsdiqləsələr də, əlavə məlumat verilməyib.
APA yazır ki, 63 yaşlı Alik Novruzovun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Neftçala Şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.