|
Keçmiş səhiyyə naziri Əli İnsanov Avropa Şurasının işgəncələrin, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması üzrə komitəsinə müraciət edib.
“Azadlıq” qəzetinə danışan vəkil Toğrul Babayevin sözlərinə görə, keçmiş nazir məktubunda göstərib ki, Avropa İnsan Hüquqları Məhkəməsi ötən il martın 14-də onun işi üzrə qərar çıxararaq ədalətli məhkəmə araşdırması və işgəncəyə məruz qalmamaq hüquqlarının pozulduğunu təsdiqləyib, Azərbaycan dövlətini cərimələyib, lakin qərar bu günədək yerinə yetirilməyib.
Sabiq nazir qeyd edib ki, Avropa Məhkəməsi onun 13 saylı cəzaçəkmə müəssisəsində dözülməz şəraitdə saxlanmasını işgəncə kimi qiymətləndirib, amma o hələ də eyni cəzaçəkmə müəssisəsində dözülməz şəraitdə saxlanır.
Sabiq nazir 2005-ci ildən həbsdədir. O, korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Avropa Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. 2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarını qüvvədə saxlayıb.