BAKI, 15 sentyabr. TELEQRAF
Sentyabrın 12-də Qazaxıstan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş "Hüquq vasitəsilə Sülh və Gələcək" mövzusunda Beynəlxalq Forum keçirilib.
Azərbaycanın Konstitusiya Məhkəməsindən Teleqraf-a verilən xəbərə görə, tədbirin açılışında Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri Elvira Azimova qonaqları salamlayıb.
Forumda Qazaxıstan dövlət orqanlarının rəhbərləri, habelə Türkiyə, Özbəkistan, Qırğız Respublikası, Koreya, Bolqarıstan və digər ölkələrin konstitusiya ədalət mühakiməsi orqanlarının hakimləri, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə “Qanun və asayişin qorunması sülhün əsası kimi: insan hüquqlarına və dövlətin sabitliyinə hörmət”, “Qanunvericinin praqmatikliyi və qanunun məsuliyyətlə tətbiq edilməsi: etimadın və səmərəliliyin təmin edilməsi”, “Konstitusiya kimliyi və hüquqi mühit: gələcək nəsillərin maarifləndirilməsi” mövzularında keçirilən sessiyalarda konstitusiya məhkəmələrinin təcrübəsi üzrə məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Forum iştirakçıları Qazaxıstan Respublikası Prezidentinin Arxivinin fəaliyyəti ilə tanış olmuş və Qazaxıstan Respublikasının Konstitusiya Məhkəməsinin yeni inzibati binasında olublar.
Tədbirdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini hakim Rauf Quliyev təmsil edib.