BAKI, 10 sentyabr. TELEQRAF

Pis ağız gigiyenası, karies, diş əti iltihabı, tüpürcəyin miqdarının azalması (quru ağız) halitoza səbəb olur.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Tibb Universiteti Tədris Stomatoloji Klinikasının həkim-stomatoloqu Güney Həsənova Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” hesabında canlı yayımda çıxışında deyib.

O, uşaqlarda ağız qoxusunun (halitoz) səbəblərini və onunla necə məşğul olmağı izah edib:

“Uşaqlarda qastrit, tonzillit (angina) kimi xroniki xəstəliklər ağızdan qoxunun gəlməsinə səbəb ola bilər. Sarımsaq, soğan və bəzi ədviyyatların çox qəbulu halitoza gətirib çıxarır. Əgər uşaq ortodontik aparat istifadə edirsə, onların yaxşı təmizlənməməsi də halitoz yaradır”.

Stomatoloq bildirib ki, ilkin olaraq valideyn uşağın dişlərinin gündə 2 dəfə fırçalamasına və dilinin təmizləməsinə nəzarət etməlidir:

“Bundan əlavə, pəhrizə də diqqət edilməli, şirin, turş və ədviyyatlı qidaları nəzarətdə saxlamalıdır. Əgər qoxu keçmirsə, mütləq diş həkiminə müraciət edilməlidir. Diş həkimi əvvəlcə gigiyenik təmizləmə və kariyes müalicəsi aparacaq. Əgər problem davam edərsə, qan analizləri, mədə və boğazın müayinəsi üçün mütəxəssisə yönləndirəcək”.

G.Həsənova sonda qeyd edib ki, pis qoxu çox zaman sadə səbəblərə bağlı olur və asanlıqla aradan qalxır: “Əsas odur ki, valideynlər diqqətli olsun və erkən müdaxilə etsinlər”.