BAKI, 6 avqust. TELEQRAF

Bakıda Xəzər dənizi ilə bağlı iclas keçiriləcək.

Teleqraf xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransı çərçivəsində Xəzəryanı dövlətlərin hökumət rəsmiləri səviyyəsində iclasında deyib.

O, çıxışında ekoloji çağırışlara da toxunaraq qeyd edib ki, su səviyyəsinin aşağı düşməsi bütün regionda narahatlıq doğurur və bu problemin hələ 2022-ci il Aşqabad Sammitində Azərbaycan Prezidenti tərəfindən qaldırıldığını və Bakıda beştərəfli ekspert qrupunun ilk toplantısının təşkilinə hazırlıqların davam etdiyini vurğulayıb.

Əlavə olaraq, tədbirdə Xəzər dənizinin ekosistemində baş verən dəyişikliklərin sosial-iqtisadi və ekoloji aspektləri geniş şəkildə müzakirə olunub. Su səviyyəsindəki dəyişikliklərin sahilyanı ərazilərdəki həyat şəraitinə və regional inkişaf proseslərinə mümkün təsirləri diqqət mərkəzində olub.

Baş nazirin müavini Şahin Mustafayev qeyd edib ki, səviyyə dəyişikliklərinin mənfi təsirlərinin minimuma endirilməsi üçün elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, balıqçılığın, gəmiçiliyin və biomüxtəlifliyin qorunması sahəsində birgə proqramların həyata keçirilməsi zəruridir.

İclas zamanı Xəzər dənizində baş verən dəyişikliklərin öyrənilməsi üçün ümumi standartlar və yanaşmalar formalaşdırmağa imkan verəcək çoxtərəfli qarşılıqlı fəaliyyət mexanizminin işə salınması təşəbbüsü irəli sürülüb.