ŞAMAXI, 15 iyul. TELEQRAF

Şamaxı şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans öz işinə başlayıb.

Teleqraf-ın Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Şamaxı şəhərindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Tədbirdə müvafiq dövlət qurumlarının rəhbərliyi, mətbuat nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edirlər.

Konfransda müasir informasiya mühitində dini etiqad azadlığının təmin olunması, bu sahədə mövcud qanunvericiliyin icrası, rəqəmsal medianın imkanlarından istifadə etməklə dini maarifləndirmə işinin səmərəliliyinin artırılması və ictimai şüurda sağlam dini düşüncənin formalaşdırılması mövzularında fikir mübadiləsi aparılacaq.

Konfransın açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev, Milli Məclisin deputatı Tamam Cəfərova və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış edəcəklər.

Konfrans “Din-media münasibətləri: yeni hədəf və çağırışlar” və “Dini etiqadın sərbəst ifadəsi və söz azadlığı” adlı iki əsas panel sessiyadan ibarətdir.

Konfrans çərçivəsində media nümayəndələri üçün Şamaxıdakı dini ibadətgahlara media-tur da təşkil olunacaq.