BAKI, 5 iyun. TELEQRAF
Azərbaycanda "e-ahik" elektron informasiya sistemi istifadəyə verilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) bugünkü tədbirində konfedrasiyanın aparat rəhbərinin müavini Abbas Əliyev məlumat verib.
Qeyd olunub ki, AHİK üzvləri artıq evdən çıxmadan, təmassız şəkildə sanatoriya və istirahət mərkəzlərinə yollayış əldə edə biləcəklər:
Müraciətlər elektron şəkildə, tək şəxsiyyət vəsiqəsi ilə həyata keçiriləcək.
“Daha sonra təsdiq alan şəxslər təqdim edilən sənədlə müvafiq sanatoriya və istirahət mərkəzinə yaxınlaşa biləcəklər. Bu tamamilə yeni layihədir və AHİK üzvlərinin işini asanlaşdıracaq", - deyə qurum rəsmisi əlavə edib.
Həmçinin qeyd olunub ki, yeni Kurort-Turizm İnformasiya mərkəzi yaradılıb.
Vurğulanıb ki, 5 ayın hesabatına əsasən, 13 min 269 nəfər göndərişlə təmin olunub.
Ümumilikdə isə bu sistemə 28 min 166 nəfər müraciət edib.
Bildirilib ki, göndərişin məqsədi müalicədirsə, AHİK üzvünün ailə üzvləri - həyat yoldaşı və övladları da bundan istifadə edə bilərlər.
“Əgər göndəriş istirahət xarakterlidirsə, bu zaman ailə üzvlərinə görə 15 faiz haqq ödənməlidir”, - deyə tədbirdə vurğulanıb.