ZƏNGİLAN, 27 fevral. TELEQRAF

Botaniklərin araşdırmalarına görə, Qarabağda 110 fəsiləyə və 397 cinsə aid 606 növ dərman bitkisi yayılıb.

Teleqraf-ın Zəngilana ezam olunmuş müxbirinin xəbərinə görə, bunu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının nadir və itmək təhlükəsində olan bitki və heyvan növləri haqqında AMEA-nın vitse prezidenti, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü İradə Hüseynova Zəngilan şəhərində işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında çıxışı zamanı deyib.

O bildirib ki, onlar 4 fəsilə, 10 cinsə aid 11 növ şibyələrdir və bu bitkilərin 66 növü ofisinal təbabətdə dərman vasitəsi kimi istifadə olunur.

Onun sözlərinə görə, bu günə kimi aparılmış monitorinqlər nəticəsində demək olar ki, Qarabağda yayılmış dərman bitkilərinin 19 fəsilə və 28 cinsdən ibarət 35 növü Qafqaz endemi, 32 növü nadir və itmə təhlükəsində olan, bir çoxu Azərbaycanın "Qırmızı kitab"ına salınmış bitkilərdir.