Bu gün Cənubi və Şimali Amerika, Avstraliya ərazisində və Şərqi Asiyanın müxtəlif hissələrində nadir astronomik hadisə qeydə alınıb. Belə ki, Yer sakinləri Ayın tam tutulmasının Günəşin çıxması və ya batması ilə eyni vaxta düşdüyü zaman yaranan “Qanlı Ay”ı müşahidə ediblər.
Teleqraf.com-un məlumatına görə, bu hadisə Bakı vaxtı ilə saat 13:00-da başlanıb və saat 15:25 dəqiqədə tam fazaya çatıb. Tutulma zamanı Yerin kölgəsi Ayın qabağını tamamilə alıb.
Tutulma vaxtı Ay əvvəlcə Yerin kölgəsinə daxil olur, sonra oradan çıxır. Bu zaman peyk qırmızı rəngin müxtəlif çalarları ilə “işıqlana” bilər. Buna görə də Ayı “qanlı” adlandırırlar. Bu, dalbadal dörd dəfə müşahidə ediləcək ikinci Ay tutulmasıdır. Növbəti tam tutulmanın 2015-ci il aprelin 4-də baş verəcəyi gözlənilir.