Özümü cin kimi atdım mikrorayona, girdim bazara. Bazardan çox mağaraya bənzəyir, təxminən 5-6 girişi var.

Birinci girişdə divlər qurucu adamları yeməyə çalışır. Girişi elektrik mallar dükanı işıqlandırır. Satıcının üzündə isə böyük bir qaranlıq var. İşləri düz getmir, deyəsən. Bunun işlərinin düz getməyi üçün kiminsə evi kor qalmalıdır. Bir az öndə santexnika materialları var. Özüm işıq gələn tərəfdə, qulağımsa adam qışqıran tərəfdə baş qatır.

Elə bil həqiqətən də səs hamamdan gəlir. Əlində tualet duşunun başlığını tutub satıcıya göstərir:

- Ay qardaş, iki gün qabaq səndən duş almışdım.

- Hə, qardaş, yadıma düşür.

- Dedin ki, möhkəmdir, geydirmə deyil. Ala, budu, duşun basılan yeri qırılıb.

- Qardaş, bu duşu mən istehsal eləmirəm, sonrası da ki...

- A kişi, nə sonrası, hə? 8 manat pul vermişəm.

Satıcı hövsələdən çıxır.

- Ay brat, nətər adamsan sən? Özün gəlib ucuz mal axtarırsan, özü də keyfiyyətlisini. 8 manata 10 il işləyən duş gözləyirdin? İndi mən neynim ki, sən duşla güləşib sındırmısan? Xoşuna gəlmir, bir də məndən alma.

Çox qəliz vəziyyətdir. Bunları Xoşqədəmin verilişinə də çıxarsan, vəziyyəti çözə bilməzsən. Özümü hiss elətdirmədən yanlarından ötürəm.

Sağda şlanq-kabel satan dayı oturub. Adı Eyyubdur, özü də ləzgi. 4-5 ildir tanıyıram. Geyimi, görünüşü heç zaman dəyişməz. Məni görən kimi:

- Ooo, bizim yazar gəlib. Yazar, necəsən?

- Sağol, yaxşıyam, ay Eyyub əmi. Özün, işlərin necədir?

- Özüm də, işlərim də ilan kimi. Sürünürük.

Ayağım ruzilidir deyirlər. Mən gələn kimi müştəri gətirdim Eyyub kişiyə. Eyyub kişi uzun dialoqdan sonra müştəriyə dediyi sözü mənə təkrar edir:

- Görürsən? Elə bilirlər, milyon qazanırıq. Kabelin bir metrində cəmi 10 qəpik xeyrim var. Mən yazıq nəsə qazanmalıyam da.

Eyyub əmidən “Burada maraqlı adamlardan kim var” soruşduqda, elə dilxor, amma ürəklə cavab verdi ki, ümidimi üzmüşdüm az qala.

- Bala, burda maraqlı adam çətin tapasan. Bunların hamısı pul saymağı bilir. Həm də alver zəifləyib, gedərsən, nəsə soruşarsan, acılayarlar səni.

Eyyub əmiylə sağollaşıb gəzməyə davam edirəm. Bir yanda dükanda baş boyda televizora baxırlar. Bir yanda dəmir kəsənin səsi bürüyüb ətrafı. Bir az da qabağa gedirsən, yol ikiyə ayrılır. Düz ortada nərd oynayan 7-8 kişi gözümə dəyir.

- Ala, pənci-du! Bu pənci, bu da dusu.

Şır-rııq, şır-rııq...

- Pay atonnan, heç caharların yeriydi?!

Getdikcə nərdin səsindən uzaqlaşıram. Keçirəm ikinci qapıya. Ki bu qapıdan içəridə divlər həm yeyir, həm də yedizdirir. Yəni ərzaqdan tutmuş ətə kimi, nə istəsən var. Girişdə qoyun başı, mal ayağının qoxusu burnumu büzür. Qaban əti, dana əti, qoyun əti, mal əti. Hamı məsum-məsum müştərilərə baxır.

“Heç olmasa kəsilmişiksə, kiminsə qazanında bişməliyik, yoxsa bu bizə həqarət olar”, - deyirdi heyvanların başı, gözü, ayağı. Bir az irəlidəki piştaxtada kələm, xiyar, pomidor turşularının iyi adamı yuxuladır. Dükandan litrlik arağı vur qoltuğuna, bu piştaxtanın qoxusunu dart içinə, çək başına bir əlli qram. Daha sonra çərəzlər çıxır qarşıma.

- Dayı, qoz neçəyədi?

- Baxır da... Kilosu 8 manatdan başlayır, 23 manata kimi.

Dilimin altında Nazim Hikmətin misrası süzüldü: “Ben bir ceviz ağacıyım Gülhane Parkında... Ne sen bunun farkındasın, ne polis farkında...”

Həqiqətən də məni görən adamlar veclərinə almırdılar. Heç müştəri kimi də səsləmirdilər ki, gəl, qozdan qalmadı, ətdən qalmadı. Deyəsən, həqiqətən bazardakı durğunluq satıcıları da diliqısa eləmişdi. Vallah, bu müştərisizlikdə necə qışqırıb deyəsən ki, "qalmadı e, qalmadı". Axı heç qoza yaxın duran yox idi. Axşamüstü olsa da, sən deyən ət satılmamışdı.

Yenə nərd səsi gəlir... Elə bildim, bayaqkı nərdbazlardır, buradakı rəqiblərinə dərs verməyə gəliblər. Sonra gördüm ki, burda başqa çempionatdır.

Keçirəm üçüncü qapıya. Buradakı divlər adamları həm geyindirirlər, həm də soyundururlar. Burada vəziyyət əladır. Boşuna demirlər ki, adamı geyiminə görə qarşılayıb ağlına görə yola salırlar. Bir az aralıda söz-söhbət gedir:

- Ay brat, xəbərin var, Lotu Qulini buraxıblar.

- Ala, həri, Allah cəmi dustaqların qapısını açsın. Amma ondan qabaq dustaq qatarından iki dustağın qaçmağı maraqlıdı.

- Atam, yaxınlarda xəbər çıxdı ki, Qulinin qulağını kəsdirdiyi adamın lotu adını özünə qaytarıblar, indi də Gürcüstanda yaşayır.

Gördüm, bir az da getsə, bunlar bir-birilərinə deyəcəklər ki, hamısı masonların işidir. Uzaqlaşdım.

Elə bil, ağzımın dadı, burnumun əhvalı dəyişib. Çölə çıxıram ki, təmiz hava alım. Bazarın kənarı boyunca dönər satan kim, “perajki” satan kim. Kafelərdə qaban kababından tutmuş çolpa kababına kimi. Diqqətimdən bir hadisə yayınmadı. Çıxışda, maşınların dayandığı yerdə pul yığan qoca nəzarətçi canfəşanlıqla CİP-ə şey-şüy daşıyır. Adətən, bazarlarda ağır yükün varsa, bu işə xüsusi fəhlələr baxır. Ya arabayla daşıyarlar, ya da əllə. Bu dayanacağa nəzarət edən kişi, deyəsən, hansısa fəhlənin çörəyinə bais olmuşdu. Belə də olur.

Marketlərdə də paketçilər baxır bu işə və bəzən mərdimazar satıcılar peşkəş almaq üçün paketçilərin işinə burunlarını soxarlar. Deyəsən, bu qoca da o mərdimazarlardan idi. Qoca canfəşanlıqla yol göstərir. Pəncərəsinin şüşəsini aşağı endirən adam 20 qəpiyi qocaya uzadır. Qocanın üzündə neçə-neçə gəmilər batdı, neçə-neçə dükanlar iflas oldu, CİP-i sürənin neçə-neçə qohumuna “zərbə dəydi”. Beləcə, bu bazar dünya da bizdən aldığını aldı, satdığını satdı...

Gəldik, aldıq, verdik, getdik...