Kənd Təsərrüfatı Nazirliyinin Qax və Şəki rayonlarına təşkil etdiyi media tur çərçivəsində bir qrup jurnalistlə Qax Damazlıq İpəkçilik Stansiyasındandayıq.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Qax Damazlıq İpəkçilik Stansiyasının (QDİS) bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchiz olunması üçün Prezidentin Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat vəsait ayrılıb.
“İpək ilahəsi” və ölüm cəzası
İpəkqurdunun vətəni Çindir. Eramızdan əvvəl 2600-cü illərdə Çin imperatoru Hoanq-Ti zamanında sarayın bağçasında bir qurdun tut yarpağı yediyi və sonra barama hördüyü müşahidə edilir. Bu, imperatorun diqqətini çəkir və həmin qurdun həyatını, davranışını daha yaxından araşdırılmasını əmr edir. Bu vəzifəni arvadı kraliça Şe-Linq-Şeyə verir. Kraliça uzun müddət apardığı araşdırmalardan sonra baramadan ipək alınacağını və bunun toxuculuqda istifadə edilə biləcəyini söyləyir.
Buna görə də ipəkçilik tarixində Şe-Ling-Şe “İpək ilahəsi” kimi məşhurlaşır.
Çində baramaçılıqla yüz illər boyu gizli məşğul olublar. Bu sirri başqalarına verməmək üçün yüz illər boyu sərt qanunlar tətbiq edilib və sənətin ölkə xaricinə çıxmasına göz yumanlar hətta ölümlə cəzalandırılıblar…
13 ton barama
Qax rayonunda sakinlərə paylanmış ipəkqurdu toxumlarının saxlanma müddəti başa çatır. Onlar məhsulu QDİS-ə təhvil verirlər. Stansiyada işçilər yarasız baramanı seçib təmziləyir, yararlı məhsul Şəki-İpək ASC- yə təhvil verilir.
Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev deyir ki, kümdara (baramaçılıqla məşğul olan) baramanın hər kiloqramına görə 9 manat verilir: “Bu rəqəm ötən ildəkindən daha yüksəkdir. Bu səbəbdən insanların baramaçlığa marağı artır. 2016-ci ildə bizim rayon 1 ton 800 kiloqram barama təhvil vermişdi. Bu il isə bu rəqəmin 13 ton olması gözlənilir”.
Qax rayonunda 72 nəfər barama istehsalı ilə məşğul olur.
Əkrəm Fətəliyevin sözlərinə görə, sakinlərə 250 qutu ipəkqurdu verilib: “Gün ərzində 3 ton yarım barama təhvil verilir. Rayonda becərilənm barama sortu Çindən gətirilib.
Baramanın növündən asılı olmayaraq hər kiloqramı 9 manata qəbul edilir: “4 manatını "Şəki İpək" ASC, 5 manatını isə dövlət subsidiya şəklində ödəyir. Yaxşı kümdar təxminən 1 ay ərzində hazırladığı məhsul üçün 3500-4000 manata qədər gəlir əldə edir”.
Bir ipəkqurdu bir baramanı hazırlamaq üçün təxminən 130 min dəfə hərəkətdə olur və ağızından ipək maye ixrac edir. 1 barama qozasının alınması 4-5 günə başa gəlir.
Barama 24 saat hərəkətsiz qalanda...
Stansiyasıyada çalışan işçilər deyir ki, 2 aya yaxın qısa ömür sürən ipəkqurdunun bir baramasından 1000-1500 metr uzunluğunda sap əldə edilir: “Barama dövründə ipəkqurdu 4 dəfə dəri dəyişdirir. Dərisini dəyişərkən tut yarpağı yemədən 24 saat hərəkətsiz qalır. Bu dövrə onun yuxu dövrü deyilir. Dərisini dəyişdikdən sonra barama qurdu yenidən yarpaq yeməyə başlayır”.
Sakinlərin bu sahəyə maraq göstərdiyinə özümüz şahid olduq.
Marsan kənd sakini Səbuhi Harunov evində barama istehsalı ilə məğul olur: “54 qram ipəkqurdu götürüb evə aparmışam. Onların yetişməsinə tək özüm baxıram. Tut yarpağı yığıb, bəsləyirəm. Stansiyaya 160 kiloqram barama təhvil verəcəm. Təxminən 1400 manata yaxın pul deməkdir”.
Kәnd Təsərrrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyir ki, ipəkçiliyin gələcək inkişafı üçün baramaçılığın yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyi Çindən 1,5 milyon calaq edilmiş tut tingləri gətirib: “Tinglər əvvəlcədən tərtib edilmiş bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonuna paylanılıb. Bu rayonların ərazilərində respublikaya dəvət edilmiş Çin mütəxəssislərinin nəzarəti altında 150 hektara yaxın sahədə yeni intensiv tipli tut bağlarının salınması təmin edilib. İpəkqurdunun yem bağının olması vacibdir. Yeni salınmış bağlarda əkilmiş tinglərdən 95-100 faiz səviyyəsində çıxış əldə edilib və hazırda bu bağlarda aqrotexniki qulluq işləri davam etdirilir”.
100 faiz yüksək keyfiyyətli qurd
Nazirlik rəsmisi deyir ki, ölkədə barama istehsalının əvvəlki il ilə müqayisədə azı iki dəfə artırılması ilə bağlı ölkə prezidentinin tapşırıqları var: “Buna uyğun olaraq tender müqaviləsi əsasında Çindən 6000 qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu toxumları (qrena) tədarük edilib və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. İpəkqurdu toxumlarından 99-100 faiz səviyyəsində yüksək keyfiyyətli barama qurdları əldə edilib. Respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsi tələb olunan miqdarda keyfiyyətli barama qurdları ilə təmin edilib.
İpəkqurdlarının bəslənilməsində kümçülərə metodiki köməklik göstərilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Çindən dəvət olunmuş mütəxəssislərlə birlikdə baramaçılıq rayonlarına ezam olunub, kümçülərə ipəkqurdlarının bəslənilməsi ilə bağlı müvafiq tövsiyələr verilib, onlara qarşılaşdığı çətinliklərin həll olunmasında əməli və metodiki köməklik göstərilib”.
Hazırda Qax, Ağcabədi, Ağdam, Ağsu, Sabirabad, Zərdab, Bərdə rayonlarda yaş barama məhsulunun tədarükünə başlanılıb.
Kəlağayı, ipək xalça, 300 ton barama...
Jurnalist qrupumuz Qax rayonunda yenicə salınmış tut plantasiyaları ilə də tanış oldu. Eyni zamanda rayonun Böyük Alatəmir kəndində kümçü ailəsində olub , ipəkqurdlarının bəslənilməsi prosesini izlədik.
Daha sonra yolumuzu “Şəki İpək” ASC-dən də saldıq.
Rayonlardan yığılan yaş barama məhsulu bura gətrilir və emalı prosesi aparılır.
"Şəki-İpək” ASC İdarə Heyətinin sədri Nizami Qəribov deyir ki, baramanın qəbulu, boğma və daşınması ilə 70 adam məşğul olur: “Yaş baramalar gətirilir, boğulma prosesi aparılır. Daha sonra barama açan işə başlayır. Baramanın 30-40 faizi əllə açılır. Proqnoza görə, 400-450 ton barama ilə ən azı 10 ay 450-480 adam işlətəmin ediləcək. Ötən il 71 ton barama yığıdıq, ondan 9 ton ipək aldıq. Hamsını ölkədaxili emal etdik. Bu ildən xaricə mal çıxarmaq istəyirik”.
Azərbaycanın yerli istehsal müəssisələri də barama ipəyinə laqeyd deyil. İpəkdən kəlağayı, şərf kimi mallar istehsal olunacaq. İri tonbal baramalardan daha qalın sap əmələ gəlir ki, ondan da ipək xalça sapı hazırlanır.
Bir sözlə, bizi bəzəyən ipək uzaqda deyil...