Azərbaycan Tarif Şurasının iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. Tarif Şurasının son qərarından sonra hər kəs xərclərini azaltmaq barədə düşünür.
İqtisadçı ekspert Qubad İbadoğlu enerji səmərəliliyi, enerjiyə qənaət istiqamətində gedən müzakirələrə töhfə vermək üçün bir sıra tövsiyələri istehlakçılarla bölüşüb.
Ekspert deyir ki, işıqlanmada 100, 75, 60 və 40 voltluq közərmə lampalarını 25 Vt və daha aşağı vattlıq LED (diod) lampaları əvəz etmək olar. Lampaların dəyişdirilməsinə bir dəfə vəsait qoymaqla sərf olunan elektrik enerjisinin 80 faizə qədər qənaət etmək olar:
“Mütəxəssislərin fikrincə, enerjiyə qənaət edən və ekoloji baxımdan təhlükəsiz olan müasir işıqlandırma vasitələrinin tətbiqi və istifadəsi zərərli maddələrin, o cümlədən karbon-dioksid qazı tullantılarının faizinin azalmasına gətirib çıxarır. Deməli, bu dəyişiklik həm ailə büdcəsi, həm də ailə üzvlərinin saglamlığı üçün sərfəli və faydalıdır”.
Qubad İbadoğlunun sözlərinə görə, insanlar dəhlizlərdə, eyvanlarda səsə həssas olan işıqlandırma vasitələrindən istifadəyə üstünlük verməlidirlər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, dünyanın bütün yerlərində elektrik enerjinin qiyməti artırsa, həmin ölkədə qənaətcil lampaların təbliği gedir: “Azərbaycanda qənaətcil lampalardan 2-3 ildir istifadə olunur. Tarif Şurasının qərarı ilə elektrik enerjisinin qiyməti qalxması nəticəsində bu lampalardan alanların sayı çoxalıb. İnsanlar birliyə şikayəti nəticəsində məlum olur ki, qənaətcil lampalar bahadır və tez istifadəyə yarasız hala düşür. Əhali elektrik enerjisinə qənaət etmək əvəzinə, lampalara verdikləri pulla iki dəfə artıq zərərlə düşürlər”.
Eyyub Hüseynov bildirib ki, Azərbaycana müxtəlif ölkələrdən həddindən artıq yararsız lampalar gətirilir: “Almaniya, Fillandiya gətirilir. Xüsusilə Belarusdan bu cür elektrik lampaları gətirilir ki, taxan kimi 8-9 dəqiqəyə yanır.
Bundan başqa, ağ rəngli süd lampaları var ki, 3-4 manata satılır, amma yararsızdır. Əhali qənaətcil lampa adı altında saxta lampa alır. Elektrik lampalar bazarı çirklənib. Çünki gətirilən mallar yararsız çıxır”.
Eyyub Hüseynov deyir ki, lampaların saxta çıxması barədə Azad İstehlakçılar Birliyinə 8 şikayət daxil olub: “Rusiya istehsalı olan “lisma” markalı elektrik lampaların əksəriyyəti yararsız çıxır”.
Nyu-York ştatının Stouni-Bruk universitetinin alimləri elektrik lampalarının insan orqanizminə təsiri barədə araşdırmalar aparıblar. Araşdırmalar nəticəsində işığa qənaət edən lampanın ultrabənövşəyi şüalanmasının dəri toxumasına zərərli olduğu meydana çıxıb. Araşdırmalar qənaətcil lampaların insan orqanizmi üçün təhlükəli, adi lampanın dəri toxuması üçün heç bir təhlükə yaratmadığını təsdiqləyib. Alimlər onu da qeyd edirlər ki, elektrik enerjisinə qənaət edən lampalar dəridə xərçəng xəstəliyi əmələ gəlməsinə səbəb ola bilər. Stouni-Bruk universitetinin dermatoloqu Marsiya Saymon hətta bu haqda öz məqalələrində də qeyd etmişdir. O, qeydlərində elektrikə qənaət edən lampanın dəriyə təsiri nə qədər çox olarsa, zərərin də bir o qədər çox olduğunu söyləyir.
Oftalmoloq-həkim Günay Əhmədova deyir ki, qənaətcil lampalar insan dərisindən çox, gözə ziyandır: “Bu lampalar yanarkən müəyyən əsmə olur və gözdə gərginlik nəticəsində problem yaranır. İnsanı qısa müddət qalacağı otaqda bu lampalardan istifadə edilə bilər. Qənaətcil lampalardan evlərdə istifadə edilməsi məsləhət görülmür”.
İlhamə ƏBÜLFƏT