BAKI, 21 aprel. TELEQRAF

Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşdirilən “Azərbaycan Dəmir Yolları Şirkətinin Dekarbonizasiya Layihəsinin Hazırlanması” adlı texniki yardım layihəsi təsdiq olunub.

Teleqraf xəbər verir ki, layihə çərçivəsində ADY-nin dekarbonizasiya prosesinin planlaşdırılması nəzərdə tutulur.

Texniki yardım layihəsinin maliyyə mənbələri kimi AİB-in Texniki Yardım Xüsusi Fondundan 500 min ABŞ dolları və Smart Enerji İnnovasiya Fondundan 1 milyon dollar ayrılıb. Layihə həmçinin iqlim dəyişikliyi ilə mübarizə, gender bərabərliyinin təşviqi, idarəetmə və institusional potensialın gücləndirilməsi kimi prioritetləri də əhatə edir.

Layihənin əsas nəticəsi olaraq ADY üçün strukturlaşdırılmış və strateji dekarbonizasiya ivestisiyasının hazırlanması nəzərdə tutulur.

AİB-in layihə sənədində qeyd olunub ki, Azərbaycan 2025-ci ilə qədər özünü beynəlxalq logistika mərkəzinə çevirməyi hədəfləyir:

“Bu məqsədlə Şərq-Qərb və Şimal-Qərb dəhlizləri vasitəsilə əlaqəliliyin artırılması, həmçinin Orta Dəhliz üzərindən ticarət marşrutlarının şaxələndirilməsi yolu ilə iqtisadi dayanıqlığın və regional inteqrasiyanın gücləndirilməsi nəzərdə tutulur. Yükdaşıma həcminin artması ilə “Azərbaycan Dəmir Yolları” (ADY) beynəlxalq ən yaxşı təcrübələrə uyğunlaşır, ölkənin iqlim hədəflərinə dəstək məqsədilə dekarbonizasiya istiqamətinə fokuslanır. ADY dekarbonizasiya gündəliyini dizel lokomotivlərdən elektrik lokomotivlərinə keçid və bərpa olunan elektrik enerjisindən istifadənin artırılması yolu ilə irəli aparır. Bu keçid əməliyyat səmərəliliyini artıracaq, xərcləri azaldacaq və eyni zamanda hava keyfiyyətinin yaxşılaşdırılması, ictimai səhiyyə xərclərinin azaldılması və təmiz enerji sektorunda yeni iş yerlərinin yaradılması kimi əlavə faydalar da təmin edəcək”.