“Yaxın Şərqdəki problemlər 2-3 dəfə müzakirə aparmaqla həll olunası deyil. Bu, uzun çəkəcək. Söhbət ondan gedir ki, indi İŞİD-i məhv etmək lazımdır. İŞİD orda olduqca Yaxın Şərqdə olan problemləri həll etmək mümkün deyil. Yaxın Şərqdə ocaq qaynayacaq, dava gedəcək, çaxnaşmalar olacaq. Bu xəmir çox su aparacaq. İndilikdə Paris terroru Suriya məsələsinin həllini sürətləndirdi. Mənə elə gəlir ki, İŞİD-in məsələsi çox çəkməyəcək”.
Bunu Teleqraf.com-a müsahibəsində siyasi şərhçi Rasim Ağayev bildirib. Müsahibəni təqdim edirik:
- Siz uzun illər ərəb ölkələrində işləmisiniz, bu coğrafiya ilə yaxından tanışsınız. Parisdə baş verən terror hadisəsi və onun yaradacağı nəticələr barədə nə deyə bilərsiniz?
- Ümumiyyətlə, həmkarlarımız kifayət qədər aydın olan bu məsələyə bir qədər qaranlıq gətirirlər. Məsələni qəlizləşdirmək oxucunun diqqətini cəlb etməyə xidmət edir. Birincisi, nəyə görə terrorçular Fransa və onun paytaxtı Parisi seçiblər? Ona görə ki, Fransa aviasiyası İraq Şam İslam Dövlətinin bazalarını və hərbi nöqtələrinin zərərsizləşdirilməsi prosesində yaxından iştirak edir. Terror hadisəsindən əvvəl fransız aviasiyası İraq ərazisində olan İŞİD qüvvələrini, xüsusilə, onların nəzarətində olan neft quyuları yaxınlığından keçən avtomobil yollarını vurmuşdu. Bu da İŞİD-i müəyyən qədər sarsıtmışdı. İkincisi, Fransa daxil olmaqla Avropa ölkələri terror törətmək üçün əlverişli məkandır. Fransa, Belçika, Almaniya və İtaliyada terror törətmək çox asandır. Nəzərə almaq lazımdır ki, Fransa əhalisinin kifayət qədər hissəsi müsəlmandır. Onlar Afrikadan gələnlərdir və indi onların 2-3-cü nəsli böyüyür. Bu, rəsmi məlumatdır. Digər tərəfdən onların yaxınları, qohumları Fransaya gəlir, orada qalmağa çalışır. Bu da, müsəlmanların say faizinin bir qədər də yüksəlməsinə səbəb olur. Üçüncüsü, islam radikal təşkilatlarının qərargahları Fransada yerləşir. Başqa sözlə, onlar Fransada özlərini çox sərbəst hiss edirlər və ola bilsin ki, belə düşünüblər ki, prezident Olland onlara güzəştə gedə bilər.
- Nədən belə düşünüblər?
- Çünki Fransada keçirilən son seçkilər zamanı Olland müsəlmanların səsinə arxalanaraq mövqelərini möhkəmləndirə bildi. Fransa açıq, demokratik ölkədir, burada müsəlman icması çox böyükdür. Demək olar ki, terrorçular, radikallar ora toplaşıb. Baxın, hazırda terrora rəvac verən terrorçuları axtarıb tapa bilmirlər. Çünki Fransaya gəlmək, getmək, orada gizlənmək çətin deyil. Avropa ölkələrini götürəndə bəlli olur ki, onun mərkəzi Fransadır. Fransa mədəniyyəti, tarixi, incəsənəti, tarixi abidələri ilə dünyada cəlbedici məkan hesab olunur. Bu mənada Parisdə baş verən terror hadisəsi təkcə fransızları deyil, dünya ictimaiyyətini sarsıdır. Məsələn, bu terror Belçikada baş versəydi, deyərdilər ki, Avropa ölkələrindən biridir. Yox, əgər Almaniyada etsəydilər, buna sevinənlər tapıla bilərdi. Çünki dünyada yaşayan xalqların çoxu Almaniyadan yanıqlıdır. Ünvan kimi İtaliya götürülsəydi, deyərdilər ki, bu ölkənin heç kimlə işi yoxdur. Amma Fransaya münasibət başqadır. Şəxsən bu terror mənim özümə böyük təsir göstərib. Nəzərə alın ki, Fransa insanın formalaşmasında, bəşəriyyətin tarixində və mədəniyyətində mühüm yer tutur. Terrorçular da bütün bunları nəzərə alaraq ünvan kimi Parisi seçiblər. Məqsəd də bu olub ki, terror hər bir insana təsir etsin, effekti olsun.
- Terrorun səbəbi nədir, doğrudanmı, islam dini ilə bağlıdır?
- Terrorçu terrorla məşğuldur. Hazırda terror İraq Şam İslam Dövlətinin və digər radikal islamçıların əsas silahıdır. Onlar təbliğata, ideologiyaya üstünlük vermirlər. Əksinə, onlarınkı silah, bıçaq, bombadır. Terror vasitəsilə iradələrini bu və ya digər ölkələrə sırımaq istəyir. Terrorun islamla hansı əlaqəsi ola bilər? Yeganə əlaqə odur ki, terroru həyata keçirənlərin əksəriyyəti ya müsəlmandır, ya da müsəlmançılığı qəbul etmiş digər millətlərin nümayəndələridir. Bunlar da ideoloji islampərəst deyillər. Sadəcə özləri elan edirlər ki, islamçı qüvvələrdirlər. Lakin dindən bir qədər anlayışı olanlar gözəl bilir ki, onların hərəkət və davranışlarında peyğəmbərin dedikləri, eləcə də Quranın göstərdiyi yolla bağlılıq mövcud deyil. Hansı kitabda yazılıb ki, əsirləri götürüb başını kəsəsən, hətta onu video ilə yayıb bütün millətlərə göstərəsən? Bu hansı səmavi kitabda yazılıb, hansı mütəfəkkir bu cür yanaşma ortaya qoyub? Ümumiyyətlə, bu kimi hərəkətlər nə islama, nə də insanlığa yaraşan haldır. Ümumiyyətlə, İraq Şam İslam Dövləti adlı radikal islami təşkilatın yaranmasında böyük rolu islam oynamır. Necə ki, vaxtilə vəhhabiliyi yaradan İngiltərə kəşfiyyatı olub. İndi bunu hamı bilir. İraq Şam İslam Dövləti adlı radikal islamçı qrup kəşfiyyat məhsuludur. Bunu da hamı bilir. Vaxtilə İraq Şam İslam Dövləti Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən yaradılmışdı, ora toplaşanlar İraqın tör-töküntüləri idi və onu əsasən Bəşər Əsədə qarşı istiqamətləndirmişdilər. Bəşəriyyət tarixində belə hallar olub. Orta əsrlərdə məmlükləri ordan-burdan gətirib dərs keçirdilər. Onlardan da yaxşı döyüşçülər çıxırdı və müharibələrdə iştirak edirdilər. Onlar da sonradan Məmlüklər dövlətini yaratdılar. İndi də İŞİD-in ortaya çıxması və özlərinə dövlət yaratmaq cəhdləri müşahidə olunur. Tarixdə belə hallar olub və bəzən təkrarlanır.
- Amma bəyan edirlər ki, biz islamçıyıq, Məhəmməd peyğəmbərin sözü ilə oturub dururuq.
- Bunu ona görə edirlər ki, siyasi-ideoloji qüvvə kimi görünmək istəyirlər. Bu yolla həm də öz sıralarına cavan insanları cəlb etmək istəyirlər. Əks halda kim bunlara inanacaq? Hamı görəcək ki, avara adamlardır, dələduzdurlar, oğrudurlar, quldurdurlar. Bunu yaradanlar düşünürdülər ki, Avropanın gözündə bu qurum müsəlmanları və islam dinini nüfuzdan salacaq. Ümumiyyətlə, dünyada bu saat sivilizasiya uğrunda mübarizə görünür. Bu da islamla bağlıdır. İslamın genişlənməsi, güclənməsi, artması halları müşahidə olunur. Nəhayət, Amerika çalışır ki, Misirdən-Əfqanıstana qədər olan zolağı ələ keçirsin. Bu da müsəlman zolağıdır. Orada olan sərvətlər Amerikanın qlobal maraqları üçün lazımdır. Kim bu sərvətlərə nəzarət edə bilsə, bütün dünyaya nəzarət edə biləcək. Məsələnin mahiyyəti bundan ibarətdir. Təbii ki, belə bir qüvvə yaradandan sonra bir tərəfdə Yaxın Şərqdə olan dövlət yerindən tərpədilir, digər tərəfdən islamı Avropanın gözündən salır. Eyni zamanda da bütün sərvətləri əlinə keçirir.
- Paris olayları dünyada müsəlmanlara və islama qarşı hücumları artıracaqmı?
- Bu, təbii prosesdir və biz Avropa kimi inkişaf etmiş məkanda belə epizodları müşahidə ediriksə, görün, indi başqa yerlərdə vəziyyət hansı həddədir. Təbii ki, Afrika qitəsində də buna bənzər hallar olacaq. Çünki bu qitədə də xristian ölkələri, müsəlman-xristian qarışığı ölkələr var. İndi bu saat kəşfiyyatın fəal işləyən vaxtıdır. Hər bir kəşfiyyat bundan öz maraqlarına uyğun istifadə etməyə çalışacaq. Bundan başqa, obyektiv danışsaq, milli məsələlərdə həssas olmağın lazım gəldiyi daima bəyan edilib. Necə ki, milli məsələlərdə həssas olmayanda bu milləti yerindən tərpədir, böyük rezonanslara, hərəkətlərə səbəb olur. Eyni durum dini problemlərdə də özünü göstərir. Çünki din məsələsi də həssasdır. Avropalıların bu saat müsəlmanların üzərinə hücum edəcəyini demək bir qədər çətindir. Çünki Avropanın özündə hazırda kilsəyə gedən azdır, insanlar dinə inanmır. Bu, kütləvi şəkildədir. İnsanları din məsələsi deyil, belə faciəvi terror hadisələri daha çox yandırır. Söhbət vəhşilikdən gedir. Avropada müsəlman, miqrant problemi var. Lakin avropalıların əksəriyyəti heç də xristian dinini müdafiə etmirlər. Onlar deyirlər ki, niyə bizim qanunla yaşamırlar, əvəzində terror edirlər. Bu, artıq beynəlxalq səviyyədə hamını narahat edir. Məsələn, bu terror qruplarından biri 2011-ci ildə ABŞ-a zərbə endirdi və mesaj verdi ki, düşünməyin ki, okeanın o tərəfində oturub istədiyinizi edə bilərsiniz.
- Hər gün Bağdadda, Dəməşqdə, Livanda terror hadisəsi baş verir, yüzlərlə insan həyatını itirir. Nədən bu terror hadisələri dünyada rezonans yaratmır, amma Fransada baş verən terror ciddi səs-küyə səbəb olur?
- Suriyada faktiki olaraq vətəndaş müharibəsi gedir. Vətəndaş müharibəsinə də İŞİD kimi xarici qüvvə girişib. Suriya məcbur olub xarici ölkələrdən kömək istəyir. Sabah gəlib Bəşər Əsədin özünü öldürsələr, bu, o qədər də rezonans doğurmayacaq. Çünki müharibə gedir, qırğın var. Müharibədə də kimlərsə öldürür, kimlərsə ölürlər. Hazırda Dəməşqin yarısı dağıdılıb. Amma Paris Avropanın ürəyidir. Əlbəttə, Parisdə də kimlərisə öldürürlər, kriminal ünsürlər var və s. Amma Dəməşqlə Parisi müqayisə etmək olmaz.
- Bütün bu hadisələrdən sonra Suriya problemi öz həllini tapacaqmı?
- Suriya probleminin həlli üçün kompromis tapılacaq. Əslində, bunu prezident Putin açıqladı. Putin birmənalı demədi ki, Əsəd qalmalıdır. Amerika dirəşib ki, Bəşər Əsəd getməlidir. Amerikanın prinsipi var və bilir neyləyir. Rusiya deyir ki, siz məsələni həll etmək istəyirsiniz, ancaq başqa problem ortaya çıxıb. İŞİD ortadadır, sizin bombardman etdiyiniz İraq və Suriya ərazilərini ələ keçirib, hamıya divan tutub. İlk olaraq İŞİD həll olunsun, sonra Əsədi yola salarıq. Məncə, belə razılaşma əldə olunacaq. Qərb koalisiyası Rusiya ilə birləşib İŞİD-ə zərbələr endirsələr, bu silahlı qüvvə darmadağın olacaq.
- Bu razılıq əldə edilsə, Yaxın Şərqdəki problemlər həll ediləcəkmi?
- Xeyr. Yaxın Şərqdəki problemlər 2-3 dəfə müzakirə aparmaqla həll olunası deyil. Bu, uzun çəkəcək. Söhbət ondan gedir ki, indi İŞİD-i məhv etmək lazımdır. İŞİD orda olduqca Yaxın Şərqdə olan problemləri həll etmək mümkün deyil. Yaxın Şərqdə ocaq qaynayacaq, dava gedəcək, çaxnaşmalar olacaq. Bu xəmir çox su aparacaq. İndilikdə Paris terroru Suriya məsələsinin həllini sürətləndirdi. Mənə elə gəlir ki, İŞİD-in məsələsi çox çəkməyəcək.
Nemət Orucov