89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputat seçilmiş Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov Teleqraf.com-un suallarını cavablandırıb.
- Öncə deputat seçilməyiniz münasibətilə sizi təbrik edirik. İlk dəfə deputat olmuş şəxs kimi hansı hisslər keçirirsiz? Qələbə qazanacağınıza inanırdınızmı?
- Əlbəttə ki, müstəqil Azərbaycan Respublikasının deputatı olmaq şərəfdir. Həmçinin Yeni Azərbaycan Partiyasının namizədi olaraq seçkilərdə qələbə qazanmağım mənim üçün qürurvericidir. Bu mənada özümü çox xöşbəxt sayıram. Deputat seçiləcəyimə inanırdım. İnamsızlıq məğlubiyyətə bərabər bir şeydir. Yeni Azərbaycan Partiyası namizədliyimi 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən irəli sürməklə mənə çox böyük etimad göstərdi. Partiyamız nəinki Azərbaycanda, bütün Cənubi Qafqazda ən böyük partiyadır. Böyük kadr potensialına malik olan partiyadır. Digər partiyalar namizəd tapmaq məsələsində çətinlik çəkdiyi halda, bizim partiya namizədliyə layiqli şəxslərin arasından seçim edir. Yeni Azərbaycan Partiyasındakı kadrların biri digərindən güclüdür. Mənim namizədliyim üzərində dayandıqları üçün ilk növbədə partiyanın sədri, ölkə prezidenti cənab İlham Əliyevə, partiyanın rəhbərliyinə təşəkkür edirəm. 89 saylı Göyçay-Ağdaş seçki dairəsində 36 seçki məntəqəsi, 38 min 365 nəfər seçici var. Çox geniş seçki kampaniyası apardım, hər gün görüşlər keçirirdim. Müəllim, həkim, gənclər, fəal qadınlarla görüşdüm, kəndlərdə oldum. Demək olar ki, bütün kateqoriyadan olan insanlarla görüşə bildim. Bizim seçicilər qarşısında ona görə üzümüz ağ, alnımız açıq idi ki, namizədi olduğumuz partiyasının əsasını ümimmilli lider Heydər Əliyev qoyub və cənab prezident İlham Əliyev tərəfindən uğurla idarə olunur. Partiyamız ölkədəki inkişafın, sabitliyin yaranmasında böyük rol oynayıb. Cənab prezidentin siyasətini dəstəkləyənlər, bəyənənlər Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verdilər. Nəticədə hakim partiya bu dəfə də seçkilərdən qalib ayrıldı. Mənə səs verən hər bir seçiciyə öz təşəkkürümü bildirirəm.
- 89 saylı Göyçay-Ağdaş seçki dairəsində sizin və partiyanızın nüfuzu arasında fərq nisbəti nədən ibarət idi?
- Seçici biləndə ki, namizəd ölkə prezidentinin rəhbərlik etdiyi partiyanın üzvüdür, ona səs verir. Azərbaycanın bu günki inkişafında ölkə prezidentinin misilsiz xidmətləri var. Ən mühüm faktor ölkə prezidentinin həyata keçirdiyi siyasətdir. Bu, bizim üçün də gözəl imkanlar açır. Təbii ki, Yeni Azərbaycan Partiyasının namizədlərinin heç də hamısı seçkilərdə qalib gələ bilmədi, uduzanlar oldu. Bu da təbiidir. Mübarizədə daha güclülər qalib gəldi. Qələbə qazananlar arasında müstəqil və müxalif namizədlər də oldu. Bu da onu göstərir ki, seçkilər çox demokratik keçirilib və beynəlxalq təşkilatlar da seçkiləri yüksək qiymətləndirib. 27 dövlətdən 502 müşahidəçi seçkiləri izləyib və müsbət qiymət verib. AŞPA da seçkiləri müsbət qiymətləndirib. Bir daha qeyd edirəm ki, biz prezidenti İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədi olduğumuz üçün qalib gələ bilmişik. Bununla belə hər bir namizədin şəxsi keyfiyyətləri və apardığı seçki kampaniyası da burada öz rolunu oynayıb.
- Sizin Göyçay və Ağdaşa hər hansı bağlılığınız olubmu?
- Mənə ayrı-ayrı vaxtlarda belə suallar verilib. Hesab edirəm ki, sualın qoyuluşunda səhv var. Azərbaycanı rayonlara, bölgələrə bölmək düzgün deyil. Azərbaycan vətəndaşı olan hır bir kəs namizədliyini istənilən dairədən irəli sürə bilər. Məgər icra başçıları yalnız doğulduqları rayonlara rəhbərlik edirlər? Zəif namizədlər hər zaman bu faktordan istifadə edib seçiciləri aldatmağa, çaşdırmağa çalışırlar. Qanunda elə bir şey yoxdur ki, hər kəs öz doğulduğu rayondan namizəd ola bilər. Azərbaycan xalqı müdrik xalqdır. Onlar gözəl bilirlər ki, kimə səs vermək olar. Əslində, bu cür yanaşmalar bizi bölə, parçalaya bilər. Xalq layiqli namizədə səs verir. Onun harada doğulmasının fərqi yoxdur.
- Bəzi deputatlar var ki, seçici yadına seçkidən-seçkiyə düşür. Siz də belə edəcəksiz?
- Seçki kampaniyası dövründə hər gün görüşlərim oldu. Mən onlara söz vermişəm ki, hər gün yanınızda olacam. Bu həm də mənim vəzifə borcumdur. Cənab prezident özü bildirib ki, o, xalqın bir nömrəli xidmətçisidir. Hər bir dövlət məmuru da xalqın xidmətçisi olmalıdır. İnşallah, beş il ərzində mənim necə deputat olacağıma şahidlik edəcəksiz.
- Sizin dairə üçün xarakterik problemlər nədən ibarətdir?
- Göyçay və Ağdaşın problemləri digər rayonların problemlərindən fərqlənmir. Mən seçiciləri dinləmişəm, təklifləri qeyd etmişəm və problemlərin həlli istiqamətində addımlar atacam.
- İlk atacağınız addım nədən ibarət olacaq?
- Mən daha çox beynəlxalq siyasi məsələlər üzrə ixtisaslaşmışam. Qanunvericilik orqanında bu istiqamətdə çıxışlarım, yanaşmam, təkliflərim olacaq. Seçicilərin problemlərinə gəldikdə isə indidən konkret vaxt açıqlaya bilmərəm. Bizim orada qərargahımız, nümayəndələrimiz var və onlar orada insanlarla hər gün təmasdadılar. Ukraynada deputatlığa namizədlərdən biri "100 günə 10 iş" vədi ilə çıxış etmişdi. Ekspertlər deyirdilər ki, həmin şəxs seçki kampaniyası zamanı ən populyar namizəd olsa da, seçkilərdən 100 gün sonra ən qeyri-populyar deputat olacaq. Çünki onun verdiyi vədləri 100 günə yerinə yetirmək qeyri-mümkündür. Mən yalan, populist vədlər verməyin əleyhinəyəm.
- Azərbaycanın xarici siyasi kursu ilə bağlı hansı təkliflərlə çıxış etmək istəyirsiz?
- Mən Azərbaycan prezidentinin, dövlətimizin xarici siyasi kursuna dəstək olaraq bir sıra təkliflərlə çıxış etmək istəyirəm. Parlamentin iclaslarında bəzi məsələləri qaldıracam. Ayrı-ayrı dövlətlərlə ikitərəfli əməkdaşlığı gücləndirməliyik, çoxtərəfli əməkdaşlıq sahələrində də fəaliyyətimizi gücləndirməliyik. Mənim elmi işim Amerika-Azərbaycan münasibətləri olduğu üçün, iki ölkə arasında münasibətlərin daha da güclənməsində maraqlıyam. Bizim münasibətlər streteji səviyyədədir. Amma bəzi məsələlərdə anlaşılmazlıqlar yaranır ki, bunun da arxasında erməni lobbisi, ermənipərəst qüvvələrin fəaliyyəti durur. Amma rəsmi Bakı-Vaşinqton münasibətləri geniş parametrlər üzrə strateji mahiyyət kəsb edir. Azərbaycan balanslı siyasət yürüdən ölkə kimi dünyanın aparıcı dövlətlərindən olan ABŞ və qonşu ölkə olan Rusiya ilə sıx əlaqədədir. Ölkə prezidenti xalqın mənafeyinə xidmət edən xarici siyasət həyata keçirir.
Hesab edirəm ki, demokratların hakimiyyətdə olduğu 8 il ərzində ABŞ-ın Cənubi Qafqaz siyasəti ədalətli olmayıb. Düşünürəm ki, 2016-cı ildə keçiriləcək prezident seçkilərində Respublikaçıların hakimiyyətə gəlmək ehrimalı böyükdür. Konqresdə də onlar üstünlük təşkil edirlər. 2016-cı ildən başlayaraq Azərbaycan-ABŞ münasibətləri daha da inkişaf edə bilər. Söhbət bərabərhüquqlü münasibətlərdən gedir. Bu prosesə mən də töhfə vermək istəyirəm. Heç bir dövlət Azərbaycanla diktə dilində danışa bilməz. Əks təqdirdə itirən həmin qüvvələr olacaq.
Ruslan Xəlil