BAKI, 13 fevral. TELEQRAF

“Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin Master Planı” çərçivəsində Sumqayıtda 595 km uzunluğunda su xətləri və 460 km uzunluğunda kanalizasiya xətləri inşa ediləcək.

Teleqraf xəbər verir ki, Sumqayıt Sukanal İdərəsinin rəisi Xalid Quliyevin sözlərinə görə, hazırda 622 metr uzunluğunda diametri 300 və 400 millimetr Koruge borularla xətlərin inşası başa çatıb, 19 ədəd quyu quraşdırılıb və eyni zamanda Pərviz Hüseynov küçəsində diametr 1600 millimetrlik dəmir-beton boruların tikinti-quraşdırma işlərinə başlanılıb.

Əlavə olaraq, şəhərdə kanalizasiya və yağış sularının idarə olunması üçün “Acı dərə” kanalı boyunca yenidənqurma işlərinə start verilib. "Yaşıldərə" yaşayış massivi və 76-cı məhəllədə tullantı sularının idarə olunması üçün yeni kollektorlar çəkilir. İşlər İnşaatçılar, Səməd Vurğun, Pərviz Hüseynov, Kamran Hüseynov, Bakı küçələri və Koroğlu prospektində davam edir.

Həmçinin, sutkalıq 100 min kubmetr gücə malik Tullantı Sutəmizləyici Qurğular Kompleksi əsaslı təmir olunur. Aerotenk durulducular gücləndirilir, su novları və diffuzor boruları yenilənir, yeni nasoslar quraşdırılır. İşlər tamamlandıqdan sonra tullantı suları müasir texnologiya ilə təmizlənərək Xəzərə ötürüləcək.

Qeyd edək ki, Sumqayıt şəhərinin mərkəzləşdirilmiş içməli su və kanalizasiya infrastrukturu 1950-60-cı illərdə yaradılıb. Sumqayıt şəhəri və ətraf qəsəbələr içməli su ilə Şollar-Bakı Su kəməri və Ceyranbatan Sutəmizləyici Qurğuları hesabına təmin olunur. Sutəmizləyici Qurğular Kompleksi isə 2009-cu ilin noyabr ayında istifadəyə verilib.

Bənzər yenidənqurma işləri ölkənin digər iri şəhərlərində də həyata keçirilir.