BAKI, 17 oktyabr. TELEQRAF

“III Təhlükəsiz İdman Forumu” keçirilib.

Teleqraf xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən tədbirdə rəsmi şəxslər, federasiya nümayəndələri, tanınmış idmançılar, qonaqlar və media mənsubları iştirak ediblər.

Tədbiri giriş sözü ilə MOK-un Marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva açıb. O, forumun əsas məqsədinin təhlükəsiz idman sahəsində görülən işlərin təqdimatı və bu istiqamətdə inkişafın davam etdirilməsi olduğunu bildirib:

“Azərbaycanda təhlükəsiz idman sahəsində peşəkar kadrların hazırlanması istiqamətində işlər davam etdirilir. Bu sahədə kifayət qədər təcrübəli mütəxəssislər var. Həmçinin, onların sayının artırılması istiqamətində də fəaliyyət davam etdirilir”.

Ardınca Təhlükəsizliklə bağlı videoçıxış edən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Təhlükəsiz İdman Bölməsinin direktoru Kirsti Burovs ötənilki forumdan bəri fəaliyyətlərinin daha da genişləndiyini vurğulayıb:

“Siz ildən-ilə əsl liderlik nümayiş etdirirsiniz. İdmanda təhlükəsizliyin təmin olunması sahəsində çalışanları, idmançıları, məşqçiləri, rəsmiləri və tərəfdaşları bir araya gətirirsiniz. Hamınızı birləşdirən ortaq məqsəd odur ki, idmanda iştirak edən hər bir insan özünü təhlükəsiz, dəyərləndirilmiş və qorunmuş hiss etsin. Bu forumda siz bir daha göstərirsiniz ki, öhdəlikləri reallığa çevirmək, təhlükəsizlik və rifahı idman mədəniyyətinin bir hissəsinə çevirmək mümkündür. Beynəlxalq Olimpiya Komitəsi olaraq biz də bu qlobal təşəbbüsün inkişafına sizinlə birlikdə töhfə verməkdəyik”.

Tədbirdə çıxış edən təhlükəsizlik üzrə beynəlxalq dərəcəli ekspert Lüsi Troşet bu sahədə görülən işlərdən danışıb, təqdimat nümayiş etdirib və deyib:

“Möhtəşəm işlərə görə sizə təşəkkür edirəm. Ümid edirəm ki, bu istiqamətdə səyləriniz uğurla davam edəcək”.

Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov idmanda zorakılıq hallarından danışıb:

“Dünya praktikasına baxsanız, hər il çox sayda qız uşaqları cinsi zorakarlığa məruz qalır. Bu sayın azalması üçün müəyyəy cəhdlər, məlumatlandırma aparılsa da, bu statistika təəssüf ki, mövcuddur. Xüsusilə idmanla məşğul olan qadınların cinsi zorakarlığa məruz qalmaması üçün ictimaiyyətdə mütəmasi olaraq müəyyən məlumatlandırma və təbliğat işləri görülür”.

Daha sonra tədbirin sual-cavab hissəsi baş tutub.