BAKI, 8 mart. TELEQRAF

Bu gün Azərbaycanda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilir. Sevildiyini hər an hiss edənin də, bircə xoş söz üçün ilin ancaq bu gününü gözləyənin də, təbrik almayanda belə, səbirlə gözləməyi bacaranın da bayramıdır.

Cəmiyyətin müxtəlif sahələrindən fərqli olaraq, idmanda xanımlar zərif olmaq yerinə, həmcinslərinə güc nümunəsi kimi simvolizə edilirlər. Bəs, legioner həyatı görmüş azərbaycanlı qadın idmançılar bu günü necə qeyd edirlər?

Bu yaxınlarda karyerasını bitirmiş qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Aysun Seydiyeva Teleqraf- a açıqlamasında qadına diqqətin hər yerdə eyni olduğunu söyləyib. O, Rusiyanın “Rubin" komandasında oynadığı vaxt 8 Mart - Beynəlxalq Qadınlar Günündə hamıya gül verildiyini xatırladıb.

Bununla yanaşı, Seydiyeva ən dəyərli hədiyyəni həyat yoldaşı, kişilərdən ibarət yığmanın futbolçusu Amin Seydiyevdən aldığını bildirib: Azərbaycan yığmasında təlim-məşq toplanışlarında olduğumuz vaxtlarda masalarda güllər qoyur və bizə özəl yeməklər hazırlayırdılar. Ən gözəl təbrik isə həyat yoldaşım Amin tərəfindən olunur. Amma düzü, o, hədiyyə üçün 8 martı və ya 14 fevral - Sevgililər gününü gözləmir, bəzən evdə oturduğum anda da nə isə hədiyyə edir. Yəni, mənim üçün ondan gələn hər şey dəyərlidir. Lakin bütün qadınlar özəl günlərdə nə isə gözləyirlər. Maşın hədiyyəsi kimi gözləntim yoxdur. Onsuz da adi günlərində mənə Amin tərəfindən belə böyük təbriklər olunur”.

Aysun Seydiyevanın millidəki keçmiş komanda yoldaşı, hazırda Rusiyanın “Zenit” klubunda çıxış edən Nigar Mirzəliyeva isə 8 mart bayramının Rusyada gözəl qeyd edildiyini vurğulayıb: “Klub rəhbərliyi qızlara müxtəlif hədiyyələr təqdim edir. Məncə, Azərbaycanda olduğu kimi burada da xüsusi gün olaraq tanınır. Sevənlər sevdiklərinə hədiyyə alır və xanımlarına dəyər verir. İnsanlar Azərbaycandakı kimi analarına hədiyyə alır".

İndiyədək xeyli hədiyyə qəbul etdiyini deyən Mirzəliyeva ən böyük hədiyyəni özünün-özünə alacağını söyləyib: "Həm fanatlarım, həm dostlarımdan aldığım hədiyyələrin hamısı gözəldir. Mənim üçün ən kiçik hədiyyə belə çox dəyərlidir. Rusiyada oldugum üçün AFFA-nın qızları necə təbrik etdiyini bilmirəm. Bu günə qədər çox böyük hədiyyələr almamışam. Düzdür, kiçik hədiyyələr aldığım çox olub. Gələcəkdə, yəqin ki, özüm-özümə böyük hədiyyələr alaram”.

Hazırda Macarıstanın "Vaşaş" klubunun formasını geyinən Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Qadınlar günü münasibətilə bütün xanımları təbrik edərək, çox gözəl və dəyərli bayramda çoxsaylı təbriklər aldığını diqqətə çatdırıb: "Düzdür, biz idmançılar 8 martda məşq edir, yarışa çıxırıq. Amma həmişə 8 martda məşqçilər tərəfindən təbrik edilirik. Bütün bayramlarda olduğu kimi, 8 martda da Azərbaycan Voleybol Federasiyasının rəhbərliyindən təbriklər alıram. Mən də məşqçilərimin, komanda yoldaşlarımın bayramını təbrik edirəm. 8 martda həmişə hədiyyələr müzakirə olunur, hər kəsə maraqlı olur. Fikrimcə, əsası diqqətdir. Məncə, xanımlarımız bir gün yox, hər gün sevilməyə və diqqətə layiqdirlər. Bir daha başda anam olmaqla, bütün xanımlarımızl təbrik edirəm!”