BAKI, 8 aprel. TELEQRAF

Azərbaycan qazının Bolqarıstan–Serbiya interkonnektoru vasitəsilə Serbiyaya çatdırılması çərçivəsində imzalanmış müqavilə 2026-cı ilin sonunadək uzadılıb.

Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, bu barədə Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, nazir Sahil Babayev ölkəmizdə səfərdə olan Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli əməkdaşlıq, o cümlədən enerji sahəsində əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Nazir Sahil Babayev iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayaraq, əməkdaşlığın möhkəm hüquqi baza və yüksək səviyyəli siyasi dialoq əsasında uğurla inkişaf etdiyini qeyd edib. Bildirilib ki, imzalanmış çoxsaylı sazişlər, Hökumətlərarası Komissiyanın və Strateji Tərəfdaşlıq Şurasının fəaliyyəti əlaqələrin genişləndirilməsi üçün əlverişli zəmin yaradır.

Öz növbəsində, D.Djedoviç iki ölkə arasında enerji sahəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinin önəmini vurğulayıb. O, 2026-cı ilin fevralında imzalanan və Serbiyada qaz-turbin elektrik stansiyasının tikintisini nəzərdə tutan sazişin regionda enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib.

Görüş zamanı, həmçinin neft və neft məhsulları, elektrik enerjisi, eləcə də yaşıl enerji və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.