BAKI, 8 oktyabr. TELEQRAF
Ötən ay həbs olunan SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin adının keçdiyi şirkətlərlə bağlı bir sıra detallar məlum olub.
Teleqraf xəbər verir ki, 2022-ci il üçün dərc edilmiş hesabatlara əsasən, sözügedən şirkət Maltada 42,4 milyon avro mənfəət əldə edib.
Şirkət bu gəlirdən cəmi 2,1 milyon avro vergi ödəyib.
Rəsmi mənbələr təsdiq edir ki, A.Əhmədzadənin Maltada qeydiyyatdan keçmiş şirkəti xarici şirkətlərə tətbiq edilən 5%-lik aşağı vergi dərəcəsini ödəyir.
Rusiya neftininin qanunsuz satışında ittiham olunan şirkət hər il Malta hökumətini on milyonlarla potensial və əlavə vergi gəlirlərindən məhrum edib. Belə ki, A.Əhmədzadəyə məxsus şirkət heç bir məhsul istehsal etmir və iqtisadiyyata hər hansı dəyər qatmır. Şirkət əsasən bunker sənayesində hər kəsin təklif edə biləcəyi brokerlik və ticarət xidmətləri göstərir.
Qeyd edək ki, “Maltes Herald” (The Maltese Herald) “Adnan Əhmədzadə Azərbaycanda neft dələduzluğuna görə həbs edilib” (Adnan Ahmadzada arrested in Azerbaijan over oil fraud) adlı məqalə yayıb. Orada bildirilir ki, Adnan Əhmədzadənin 2018-ci ildən yaradılmış şirkətləri 42 ölkədə fəaliyyət göstərir.
Bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib. "Adnan Əhmədzadəyə məxsus şirkət Maltanın ən böyük neft şirkətidir və o, Maltanın Birzebbugadakı neft terminalından Rusiya neftinin Rusiyanın “Kölgə donanması” ilə daşınması üçün istifadə edib. Həmçinin Liviyadan alınan neftin ticarətində də bu şirkətin adı keçir. Şirkət hazırda Avropa Birliyi və Böyük Britaniya səlahiyyətliləri tərəfindən saxta sertifikatlarla Rusiya neftinin Avropada satışına görə araşdırılır.
Gördüyünüz kimi, bu iş beynəlxalq skandala çevrilib. Və bu xəmir hələ çox su aparacaq”.