BAKI, 18 sentyabr. TELEQRAF

Naxçıvanda regionun elektrik enerjisi təminatında əsas rol oynayan istismar müddətini keçmiş bir neçə yarımstansiya sökülərək yenidən tikilir.

“AzərEnerji”dən Teleqraf-a bildirilib ki, 154/110/10 kilovoltluq “Babək”, 110/35/10 kilovoltluq “Çeşməbasar” və 110/35/10 kilovoltluq “Naxçıvan” yarımstansiyaları sökülərək tam yenidən tikilir. Həmçinin, Naxçıvan Regional Rəqəmsal İdarəetmə və SCADA mərkəzi, eləcə də müasir texniki infrastrukturlar yaradılır.

Yeni enerji obyektləri tikilərək istifadəyə verildikdən sonra regionda elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı əhəmiyyətli dərəcədə artacaq, eyni zamanda Naxçıvanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və davamlı inkişafına töhfə verəcək.

Bununla yanaşı, Muxtar Respublikanın ötən əsrin 50-ci illərinin sonlarından istismarda olan hava elektrik verilişi xətləri “AzərEnerji” tərəfindən sökülərək yenidən qurulur. İlkin mərhələdə 110 kilovoltluq “Culfa”, “Ordubad-1” və “Ordubad-2” yüksək gərginlikli ötürmə xətləri ikidövrəli olmaqla, ümumilikdə 68 km məsafədə yenidən çəkilir.

“AzərEnerji” tərəfindən Naxçıvanda 3 istiqamətdə çəkilən ötürmə xətlərində və 3 yerdə tikilən yarımstansiyalarda, o cümlədən Regional Rəqəmsal İdarəetmə Mərkəzində aparılan işlərin gələn il ərzində yekunlaşdırılması planlaşdırılır.