TBİLİSİ, 23 iyul. TELEQRAF

Bu ilin birinci yarısında Gürcüstan Azərbaycandan 344 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun hesabatında bildirilib.

İllik müqayisədə Gürcüstan Azərbaycandan elektrik enerjisinin tədarükünü 8,7 dəfə artırıb.

Yanvar-iyunda Gürcüstanın tədarük etdiyi elektrik enerjisinin ümumi həcmi 1 milyard 388 milyon kilovatt/saat təşkil edib. Azərbaycan qonşu ölkənin elektrik enerjisinə tələbatının 25%-ni ödəyib.

Hesabat dövründə qonşu ölkənin əsas elektrik enerjisi tədarükçüsü 587,14 milyon kilovatt/saatla Rusiya olub.

İlk yarımildə Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə 295,01 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranzit edilib. Bu həcm ötən ilin eyni dövrünə nisbətdə 11% azdır.