BAKI, 8 may. TELEQRAF
Dövlət Neft Şirkətində (SOCAR) həyata keçirilən transformasiya layihəsi çərçivəsində karbohidrogen ehtiyatlarının idarə olunmasında yeni mərhələyə start verilib.
Teleqraf xəbər veri ki, şirkətdə bu istiqamətdə SPE/PRMS standartlarına keçid prosesinə başlanılıb.
Layihə çərçivəsində üç mərhələnin icrası nəzərdə tutulur. Birinci mərhələdə keçid dövrü ərzində 22 əsas yataqda SPE/PRMS sisteminə uyğun idarəetmə modeli tətbiq ediləcək, ikinci mərhələdə isə digər yataqların bu sistemə inteqrasiyası həyata keçiriləcək. Sonuncu mərhələnin pilot layihə olması nəzərdə tutulub. Burada Qərbi Abşeron yatağında daxili resurslarla SPE/PRMS standartlarına uyğun ehtiyat hesablanması aparılacaq.
Bu məqsədlə apstrim sahəsində çalışan bir sıra SOCAR əməkdaşı beynəlxalq şirkət tərəfindən təşkil olunan xüsusi təlim proqramlarını uğurla tamamlayıb.
Bununla yanaşı, ehtiyatların hesablanmasını icra edən əməkdaşlar üçün “Neftqazelmitədqiqatlayihə” İnstitutunda təşkil olunacaq təlimlərin açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən SOCAR-ın vitse-prezidenti Arzu Cavadova transformasiya layihəsinin strateji əhəmiyyətindən danışıb, ehtiyatların idarə olunmasının mərkəzləşdirilmiş qaydada aparılmasının vacibliyini vurğulayıb.

