BAKI, 14 aprel. TELEQRAF

2025-ci ilin yanvar-mart aylarında ölkədə 12,6 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 3,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 6,8 milyard kubmetri “Şahdəniz”in, 0,4 milyard kubmetri “Abşeron” yatağının, 2 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Bu barədə Teleqraf-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hesabat dövründə xaricə qaz satışı 6 milyard kubmetr təşkil edib. Bundan 3 milyard kubmetr Avropaya, 2,3 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 1,4 milyard kubmetr), 0,7 milyard kubmetr isə Gürcüstana satılıb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 aprel 2025-ci il tarixinədək 655,2 milyon tona yaxın neft (kondensatla birlikdə), 476,8 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 605,6 milyon ton neft, 233,2 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49,6 milyon tona yaxın kondensat, 243,6 milyard kubmetr qaz çıxarılıb. Bundan 1 aprel 2025-ci il tarixinədək təqribən 653,2 milyon ton neft və 174,8 milyard kubmetr qaz ixraca nəql edilib.