
BAKI, 13 mart. TELEQRAF
2025-ci ilin yanvar-fevral aylarında ölkədə 8,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 2,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 4,3 milyard kubmetri “Şahdəniz”in, 0,3 milyard kubmetri “Abşeron” yatağının, 1,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Bu barədə Teleqraf-a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hesabat dövründə xaricə qaz satışı 3,8 milyard kubmetr təşkil edib. Bundan 1,9 milyard kubmetr Avropaya, 1,4 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 0,9 milyard kubmetr), 0,5 milyard kubmetr Gürcüstana satılıb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 mart 2025-ci il tarixinədək 653,5 milyon tona yaxın neft (kondensatla birlikdə), 473,1 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 604,2 milyon ton neft, 232 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49,3 milyon tona yaxın kondensat, 241,1 milyard kubmetr qaz çıxarılıb. Bundan 1 mart tarixinədək 651,5 milyon ton neft və 172,8 milyard kubmetr qaz ixraca nəql edilib.