BAKI, 22 avqust. TELEQRAF

Tələbə köçürülməsi ilə bağlı apellyasiyaya müraciətlərinin nəticələri avqust ayının sonunadək elan olunacaq.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xaricdə təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən kütləvi imtinalar gəldikdən sonra tələbələr Apellyasiyaya müraciət ediblər.

Xatırladaq ki, sosial mediada Türkiyədə təhsil alan tələbələrin köçürülmə ilə bağlı şikayətləri yayılıb.

Tələbələr iddia edirlər ki, Azərbaycandakı ali məktəblərə köçürülmək üçün müraciət ediblər, amma agentlik onların müraciətini rədd edib: “Tələbə ümumilikdə 4 semestrdə 120 kredit toplamalı olduğu halda, yalnız 110 kredit toplayıb. Bunların ikidə birini keçsə belə, nəyə görə 120 yox, 110 kredit dərs alıblar” Halbuki tələbənin akademik borcu olduğu üçün kredit sayının az olması Nazirlər Kabinetinin 348 nömrəli qərarının 3.2.2 bəndi ilə qanuni sayılır. Həmin bənd açıq şəkildə bildirir ki, akademik borcu olan tələbənin kreditlərinin normadan az olması hüquq pozuntusu deyil.

Bundan əlavə, tələbələrə başqa bir əsassız rədd cavabı da təqdim olunub. Belə ki, əksər tələbələr 2023-cü ildə Türkiyənin dövlət universitetlərinin təşkil etdiyi YÖS imtahanında yüksək nəticə göstərərək qəbul olunmuşdular. Daha sonra isə 2023-cü ilin dekabrında qüvvəyə minmiş qanuna əsasən, yalnız vahid TR-YÖS imtahanı etibarlı hesab olunur. Lakin həmin tələbələr imtahanı bu qanun qüvvəyə minməmişdən əvvəl – 2023-cü ildə vermişdi. Türkiyə Ali Təhsil Şurası da öz qərarında bildiribki, yalnız 2024-cü ildən sonra vahid imtahan keçiriləcək. Agentlik isə bu faktı nəzərə almadan, geriyə tətbiq prinsipi ilə hərəkət edib", - şikayətlərdə qeyd olunub.