BAKI, 12 iyun. TELEQRAF

"Sınaq imtahanının nəticələri sertifikasiya imtahanında sualların çətinliyinə təsir etmir".

Teleqraf xəbər verir ki, bunu Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.

O qeyd edib ki, Elm və Təhsil Nazirliyinin bu sınaqlarda məqsədi çətinlik dərəcəsini müəyyən etmək olsaydı, sınaq imtahanları başqa formatda keçirilərdi.

"Amma ilk gündən nazirliyin tapşırığı o olub ki, bu sınaqların məqsədi müəllimlərə dəstək olmaqdır. Onlar sınaq imtahanında iştirak etməklə imtahanla tanış olur, həyəcanı yenirlər.

Elektron qaydada və onlayn şəkildə keçirilən bu imtahanların məqsədi sırf müəllimlərə dəstək, onlar üçün imtahan şəraiti yaratmaqdır. Sınaq imtahanının nəticələri sertifikasiya imtahanında sualların çətinlik dərəcəsinə təsir etmir".

Qeyd edək ki, sosial mediada bəzi təhsil ekspertləri və müəllimlər sınaq imtahanının keçirilməsində məqsədin müəllimlərin səviyyəsini ölçmək olduğu haqda iddialar səsləndirirdi və bəzi müəllimlər sınaq imtahanında iştirak etməyə çəkinirdilər.