
BAKI, 19 mart. TELEQRAF
Səid Mollayi və Kəramət Hüseynov cüdo üzrə Azərbaycan milli komandasında məşqlərini dayandırıblar.
Bu barədə Teleqraf-a Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu məlumat verib.
Federasiya rəsmisi 81 kq çəki dərəcəsində çıxış etmiş Mollayinin hazırda Bakıda olmadığını bildirib: "Mollayinin öz çəkisində həm Ömər Rəcəbli, həm Elcan Hacıyev, həm də Zelim Tçkayevin inkişafında çox böyük rolu olub. Təəssüf ki, zədələr Səidə potensialını tam göstərməyə imkan vermədi. 2023-cü ilin sonlarında zədələndi, 2024-cü ildə qayıtdı və yenidən zədələndi, nəticədə Paris-2024 Yay Olimpiya Oyunlarınadək tam formasını bərpa edə bilmədi. Olimpiadadan sonra isə bildirdi ki, artıq davam etmək istəmir".
Rəsullunun sözlərinə görə, Mollayi hələ karyerasını bitirdiyi barədə elan verməyib: "Bəlkə Elmar Qasımov kimi 2-3 ildən sonra davam etmək istəyər. Onun heç bir şəxsi problemi yox idi, hər şey qaydasında idi. Sadəcə, ailəlidir, həyat yoldaşı və iki övladı Almaniyada yaşayır və özü də ailəsinin yanında olmaq istədi. Gərək Səidin bir işi olsun ki, ona görə Azərbaycanda yaşasın. İşi olmadığı üçün burada yaşamır. Lakin milli komandada olduğu vaxt Azərbaycanda yaşayır, Azərbaycanda məşq edirdi. Ola bilsin, yaş öz sözünü dedi, yaxud da gördü ki, öz çəkisindəkilərlə rəqabət aparmaq da çətindir. Səssizcə getməyə qərar verdi. Amma bir də gördünüz ki, qayıtdı. Ortada Elmar Qasımov nümunəsi var. İstəsə qayıda bilər. Amma özü hələlik məşq etmək istəmədiyini bildirib, ona görə də hazırda milli komandanın üzvü deyil. Yenidən milliyə dönmək istəsə, Elmar Qasımov kimi Azərbaycan çempionatında iştirak etməlidir, qalib olduqdan sonra onun məsələsinə baxıla bilər".
O, milli komandaya cəlb edilən cüdoçuların Azərbaycanda yaşamalı və məşq etməli olduğunu deyib: "Ən önəmli şərt budur. Heç kimə icazə vermirik ki, gəldiyi ölkədə məşq etsin və təlim-məşq toplanışlarında, yarışdan-yarışa bura gəlsin. O, mütləq bizim məşq prosesini keçməlidir. Bu baxımdan, Səid Mollayi daha çox legionerdir, nəinki Zelim Kotsoyev və ya Zelim Tskayev. Hər iki Zelimin yetişməsində bizim daha çox rolumuz olub, nəinki Rusiyanın. Onlar Azərbaycana yeniyetmə ikən - 16-17 yaşlarında gəliblər və 10 ilə yaxındır ki, burada yaşayıb, məşq edirlər. Səid Mollayi isə bura gələndə yetişmiş idmançı idi. Baxmayaraq ki, milliyyətcə Azərbaycan türküdür, o, daha çox legioner sayıla bilər".
Vitse-prezident 60 kq çəkidə çıxış etmiş Kəramət Hüseynovun da hazırda milli komanda üzvü olmadığını açıqlayıb: "Yığmadan gedişinin səbəbini onun özündən soruşun. Hazırda məşqə gəlmir. Özü yekə oğlandır, dayısı Elnur Məmmədli onun dalınca düşəsi deyil ki... Heç kim heç kimin dayəsi deyil. Kəramətə dəfələrlə şans verilib, lakin məşqə gəlmir. Yenidən milli komandanın üzvü olması üçün Azərbaycan çempionatında çıxış edərək yer tutmalıdır. Hazırda nə ilə məşğul olmasından xəbərimiz yoxdur".
Qeyd edək ki, Kəramət Hüseynov 60 kq çəkidə 2021-ci ildə Avropa və dünya çempionatının bürünc medalçısı olub. Səid Mollayi isə əvvəlcə İran millisində çıxış edib. O, Bakıda keçirilmiş 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarının və 2018-ci il dünya çempionatının qalibi olub. Daha sonra o, İran millisindən ayrılıb və Monqolustan millisinin üzvü kimi Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. 2022-ci ildə Azərbaycan millisinin heyətinə cəlb olunan təcrübəli cüdoçu müxtəlif yarışlarda nəticələr versə də, Avropa və dünya çempionatlarında medal qazana bilməyib.