BAKI, 7 aprel. TELEQRAF

Hicabın qadağan olunması ilə bağlı yayılan məlumatın əsassız olduğuna aydınlıq gətirildi. Hicab taxmaq şagirdlər istisna olmaqla, seçimdir, bunun məhdudlaşdırılması hər şeydən öncə Azərbaycanın tolerantlıq prinsiplərinə uyğun gəlmir.

Teleqraf xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, hicab qadağası ilə bağlı iddialar risklər vəd edir:

"Dini baş örtüklərinin məhdudlaşdırılması məsələsi cəmiyyətdə narazılığa və parçalanmaya səbəb olur: Türkiyənin keçmiş təcrübəsinə baxdıqda bunu aydın görə bilərik.

Eyni zamanda belə bir addım Azərbaycanın ictimai rəyini İran başda olmaqla, kənar qüvvələrin müdaxiləsinə açıq hala gətirə bilər. Reallığa əsaslanmayan “hicab qadağası” iddiası cənub qonşumuzun bizə qarşı istifadə etdiyi əsas silahlarındandır, zaman-zaman bu istiqamətdə təbliğat kampaniyası aparılıb, bu gün də davam edir.

Bu baxımdan, dini baş örtüklərinin seçim olaraq qalması, kəlağayının isə alternativ yox, milli geyim kimi təbliğ olunması daha məqsədəuyğundur".