BAKI, 9 aprel. TELEQRAF
Mingəçevir Dövlət Universitetinə rektor təyin olunub.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Anar Nazim oğlu Eminov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.
Qeyd edək ki, Anar Eminov 1992-1999-cu illərdə Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində təhsil alıb. 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini beynəlxalq ticarət ixtisası üzrə fəqlənmə ilə bitirib. 2003-2004-cü illərdəTürkiyənin Egey Universitetini, 2004-2006-ci illərdə isə Doqquz Eylül Universitetini magistratura səviyyəsində beynəlxalq biznesin idarə edilməsi ixtisası üzrə fərqlənmə ilə bitirib. Həmin dövrdə Türkiyə Gənc Girişimcilər Birliyinin üzvü, Azərbaycan Marketinq Cəmiyyətinin Türkiyə üzrə rəhbəri olub. 2006-2010-cu illərdə Qərb Universitetinin hüquqşünaslıq ixtisasını bitirib. 2006-2007-ci illərdə Beynəlxalq Ticarət İnstitutunun elektron ticarət ixtisasını (distant) bitirib. 2012-ci ildə İqtisadi İnkişaf Nazirliyi, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun dünya iqtisadiyyatı ixtisası üzrə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2016-cı ildə dosent elmi adını alıb. 2015-2020 Azərbaycan Turizm və Menecment Universiteti, “Sahə iqtisadiyyatı” üzrə elmlər doktorluğu proqramını bitirib. 2023-cü ildə əvvəlcə Azərbaycan Texniki Universitetinin (AzTU) Tədqiqat və inkişaf şöbəsinin müdiri, daha sonra Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub. Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru vəzifəsində çalışıb.