BAKI, 14 yanvar. TELEQRAF

“2025-ci ildə daşınmaz əmlak bazarında qiymət artımı baş verib. Ötən il bu sahədə bahalaşma 15% olub”.

Bu barədə Teleqraf-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib.

O qeyd etdi ki, köhnə və yeni bina olmasından asılı olmayaraq, həm mənzillər, həm də qeyri-yaşayış və torpaq sahələri, o cümlədən fərdi yaşayış evləri qiymət artımına məruz qalıb:

“Artım tendensiyası bütün istiqamətlərə təsir göstərib. Biz bu artımı 2026-cı ildə də gözləyirik, çünki Azərbaycanda hələ də yeni investisiya istiqamətləri populyarlaşmayıb. Qiymət artımında ən çox nəzərə çarpan dəyişiklik torpaq sahələrində və “katlavan”dan, yəni bünövrədən tikilən binalardadır.

Daşınmaz əmlak artıq yaşayış və ya biznes məqsədilə icarəyə götürmək üçün yox, investisiya istiqaməti kimi formalaşıb. Vətəndaşlar və sahibkarlar ən aktual investisiya mənbəyi kimi bu istiqamətə üstünlük verirlər. Bu sahəyə marağın əsas səbəbi daşınmaz əmlakın ikiqat qazanc imkanı yaratmasıdır".

V.Oruc əlavə etdi ki, dünyada digər investisiya sahələri populyar olsa da, hazırda daşınmaz əmlak hələ də investisiya cazibədarlığı baxımından liderliyini qoruyub saxlayır:

“Bu o deməkdir ki, daşınmaz əmlak təkcə Azərbaycanda bahalaşmır. Bütün dünyada qiymət artımı var. Məsələn, ABŞ-də son bir neçə ildə tikinti materiallarının qiyməti 17% artıb. Qonşu ölkələrdə bazarda volatillik var".