BAKI, 8 yanvar. TELEQRAF
Çin şirkətləri Azərbaycanda bərpaolunan enerjinin inkişafı sahəsində fəaldırlar və Azərbaycan Çin şirkətlərini strateji tərəfdaş kimi seçib.
Teleqraf xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri xanım Lu Mey "Gülüstan" sarayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Səfirin sözlərinə görə, bu seçim Çin şirkətlərinin peşəkarlığı, iş keyfiyyəti və layihələrin qısa müddətdə icra olunması ilə bağlıdır:
"Bu layihə, əslində, Azərbaycanda həyata keçirilən ilk və çox böyük külək elektrik enerjisi layihəsidir. Bir halda ki, bu artıq istismara verilir, deməli, 300 minə yaxın ailə məhz bundan faydalanacaqdır. Bu, Azərbaycanın, həmçinin regionun səmərəli və davamlı inkişafına dəstək olacaqdır".