BAKI, 15 dekabr. TELEQRAF

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) bir sıra nöqsanlar aşkarlanıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən keçirilən yoxlama zamanı ASCO-ya məxsus gəmilərlə təhlükəli yüklər daşındığı və həmin gəmilərin dövlət reyestrindən qeydiyyatdan keçirilmədiyi müəyyənləşib.

Bundan başqa, ASCO-nun donanmasında keçirilən yoxlama zamanı bəlli olub ki, donanmanın Zığ, Pirallahı və Qaradağ ərazisində istismarda olan hidrotexniki qurğuların (gəmilərin yanalma körpülərinin) texniki cəhətdən saz və təhlükəsiz olmasının təmin edilməsi ilə əlaqədar lazımi tədbirlər həyata keçirilməyib.

Eyni zamanda, müəssisənin balansında olan gəmilərin texniki təhlükəsizlik bəyannaməsi və ekspertizası mövcud olmayıb, hidrotexniki qurğuların istismar heyətinin ixtisas dərəcələrinin artırılması təmin edilməyib.

Yoxlama zamanı o da bəlli olub ki, kranın təhlükəsiz istismarına və texniki sazlığına cavabdeh şəxslərin təyin olunması barədə əmr yoxdur. Nöqsanlardan biri də kranda texniki şəhadətləndirmə aparılmamasıdır. Eyni zamanda, kranın istismar müddətinin bitdiyi, növbəti istismara yararlığını təyin etmək məqsədilə diaqnostik müayinədən keçirilmədiyi də yoxlama zamanı üzə çıxan nöqsanlardır.

Agentlik tərəfindən ASCO barədə İnzibati Xətalar Məcəlləsinin 276-1- ci maddəsi üzrə protokol tərtib edilərək məhkəməyə göndərilib. Səbail Rayon Məhkəməsinin qərarına əsasən, ASCO 5 min manat məbləğində cərimələnib.

Qeyd edək ki, ASCO-nun sədri Rauf Vəliyevdir.