BAKI, 11 dekabr. TELEQRAF

Beynəlxalq Enerji Agentliyi cari ilə dair qlobal gündəlik neft tələbinin artım proqnozunu 45 min barel artırıb.

Teleqraf xəbər verir ki, agentliyin “Neft Bazarı” hesabatına əsasən, bu il qlobal neft tələbi ötən illə müqayisədə gündəlik təxminən 835 min barel artaraq 103 milyon 920 min barelə çatacaq.

Qeyd edək ki, agentlik əvvəlki proqnozunda qlobal tələbin 790 min barel artımla 103 milyon 880 min barelə yüksələcəyini bildirmişdi.

Hesabata görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrdə neft tələbinin ötən illə müqayisədə gündəlik 13 min barel artaraq 45 milyon 820 min barelə, təşkilatdan kənar ölkələrdə isə gündəlik 822 min barel artaraq 58 milyon 100 min barelə yüksələcəyi proqnozlaşdırılır.

Qlobal neft tələbinin 2026-cı ildə cari ilə müqayisədə gündəlik təxminən 870 min barel artaraq 104 milyon 790 min barel olacağı gözlənilir.

Qlobal neft təklifi noyabrda azalıb

Digər tərəfdən, qlobal neft təklifi noyabr ayında gündəlik 610 min barel azalaraq 107 milyon 5 min barelə düşüb. Bu azalmanın əsas səbəbi sanksiyaların təsiri ilə Rusiya və Venesuela istehsalındakı kəskin geriləmə olub.

Həmin dövrdə OPEC ölkələrinin gündəlik xam neft hasilatı əvvəlki ayla müqayisədə 240 min barel azalaraq 34 milyon 760 min barel təşkil edib. OPEC-ə daxil olmayan ölkələrdə isə gündəlik hasilat 370 min barel azalaraq 72 milyon 75 min barelə enib.

Proqnozlara görə, qlobal neft təklifi bu il gündəlik 3 milyon 100 min barel artaraq orta hesabla 106 milyon 2 min barel səviyyəsinə çatacaq.